Alim: “Y” xromosomundakı genlərin 97 faizi itirilib


  • 10:45

“Kişi cinsini təyin edən "Y" xromosomunun əcdadlardan miras qalan genlərinin 97 faizi zamanla itirilib. Əgər bu proses davam edərsə, kişi cinsi xromosomu gələcəkdə yox ola bilər”.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu təkamülçü bioloq Cenni Qreyvs açıqlayıb. Onun sözlərinə görə, proses eyni templə davam etsə, “Y” xromosomu milyonlarla il ərzində funksionallığını itirə bilər.

İnsanlarda cinsiyyət sperma hüceyrəsinin daşıdığı “X” və ya “Y” xromosomu ilə müəyyən olunur. “Y” xromosomunu daşıyan sperma oğlan, “X” xromosomunu daşıyan sperma isə qız uşaqlarının dünyaya gəlməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu sistem insan növündə hələ də davamlı şəkildə işləkdir.

Mövzu ətrafında elm ictimaiyyətində fərqli yanaşmalar mövcuddur. Genetik Cenn Hyuzun komandası, xüsusilə primatlarda “Y” xromosomunun uzun müddət sabit qaldığını və onun yox olma riskinin əvvəl düşünüləndən daha aşağı ola biləcəyini iddia edir.

Bəzi gəmirici və digər məməli növlərində “Y” xromosomu tamamilə itirilsə də, cinsiyyəti müəyyən edən funksiyanın alternativ genetik mexanizmlərə ötürüldüyü məlumdur. Alimlər hesab edirlər ki, bu nümunələr insan təkamülünü anlamaq baxımından mühüm ipucları verir.

Tədqiqatlar göstərir ki, “Y” xromosomunda gen itkisi sabit deyil və müəyyən dövrlərdə sürətlənə və ya zəifləyə bilər. Mütəxəssislər vurğulayırlar ki, xromosomun gələcəyi barədə qəti nəticə çıxarmaq üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var. Bu mövzudakı elmi müzakirələrin qarşıdakı illərdə də davam edəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər