- 17:12
Son 24 saat ərzində İspaniyanın cənub-qərb sahillərindəki Kanar adaları qrupunda yerləşən El Hierro adasına iki fərqli qayıqla cəmi 327 qeyri-qanuni miqrant gəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanar Adaları Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində El Hierro sahillərində aşkarlanan iki fərqli qayıqdan cəmi 327 qeyri-qanuni miqrant xilas edilərək sahilə çıxarılıb.
Rəsmilər bildiriblər ki, bir qayıqda 192, digərində isə 135 qeyri-qanuni miqrant olub.
Qambiya, Seneqal, Qana, Mali, Qvineya və Sierra Leone vətəndaşları olan qeyri-qanuni miqrantların arasında 24 qadın, 8 uşaq olub.
El Hierro limanına çatdıqdan sonra tibbi yoxlamadan keçən miqrantlar arasında bir qadın xəstəxanaya yerləşdirilib, digərləri isə əcnəbilərin müvəqqəti saxlanılması mərkəzinə köçürülüb.
Daxili İşlər Nazirliyinin məlumatlarına görə, 1 yanvar - 15 noyabr tarixləri arasında Kanar adalarına 14 690 qanunsuz miqrant gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63 faiz azdır.
Kanar adaları qanunsuz miqrantlar üçün əsas təyinat yeri olaraq qalsa da, ölkənin şərqindəki Balear adalarındakı vəziyyət də diqqət çəkir. Belə ki, buraya 6 683 qanunsuz miqrant gəlib ki, bu da əvvəlki illə müqayisədə 41,7 faiz artım deməkdir.
Şəbnəm Mehdizadə