Gənclərin dörddə biri psixoloji dəstək üçün süni intellektə üz tutur - Mütəxəssislər xəbərdarlıq edir


  • 10:44

İngiltərə və Uelsdə aparılan genişmiqyaslı araşdırma göstərib ki, 13-17 yaşlı yeniyetmələrin təxminən dörddə biri psixoloji dəstək almaq almaq üçün süni intellektlə işləyən çatbotlara müraciət edir. 11 min gənc arasında aparılan sorğuya əsasən, xüsusilə zorakılığa məruz qalan yeniyetmələrin 40 faizi psixoloji yardım üçün məhz bu texnologiyadan istifadə edir.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, psixoloji xidmətlərdə uzun gözləmə müddətləri və müraciətlərin rədd edilməsi gəncləri alternativ kimi süni intellektə yönləndirir. Lakin bu seçim ciddi risklər yaradır. Belə ki, çatbotlar empatiya, peşəkar qiymətləndirmə və real təhlükə anlarını müəyyən etmək baxımından insan mütəxəssisləri əvəz edə bilmir.

Gənclər Qrantları Fondunun baş direktoru Con Yates vəziyyətin narahatedici olduğunu deyib: “Çoxlu gənc əqli sağlamlıq problemləri ilə mübarizə aparır və lazımi dəstəyi almır. Onların texnologiyaya üz tutması təəccüblü deyil, amma risk altındakı uşaqların robota yox, insana ehtiyacı var”.

Araşdırma həm zorakılıq qurbanlarının, həm də zorakılıq törədən yeniyetmələrin digər gənclərə nisbətən süni intellektlə psixoloji dəstəyə daha çox müraciət etdiyini ortaya qoyub. Bəzi gənclər süni intellektlə söhbəti daha gizli və “mühakiməsiz” hesab etdiklərini bildiriblər.

Bununla yanaşı, ekspertlər uzunmüddətli çatbot istifadəsinin təhlükələri ilə bağlı narahatlıqlarını artırırlar. ABŞ-da “OpenAI” şirkəti bir neçə gəncin intiharı ilə bağlı məhkəmə iddiaları ilə üzləşib. Kaliforniyada 16 yaşlı Adam Reynin intiharı ilə bağlı iddialara cavab olaraq “OpenAI” hadisənin çatbotla əlaqəli olduğunu təkzib edib və emosional çətinlikləri tanıya bilən təhlükəsizlik sistemləri üzərində işlədiyini açıqlayıb.

Londonlu tədqiqatçı Hanna Cons isə süni intellektin yeniyetmələr üçün “sehrli kitab” kimi cazibədar göründüyünü deyərək xəbərdarlıq edib. Bildiirb ki, “ChatGPT” və oxşar sistemlər əqli sağlamlıq dəstəyi üçün nəzərdə tutulmayıb: “Bu sahədə gənclərə uyğunlaşdırılmış, sübutlara əsaslanan qaydalara ehtiyac var. Qərarları böyük­lər verə bilməz – gənclər bu prosesin mərkəzində olmalıdır”.

Mütəxəssislər həm valideynləri, həm məktəbləri, həm də psixoloji xidmətləri diqqətli olmağa çağırır: “Süni intellekt faydalı alət ola bilər, lakin peşəkar psixoloji yardımın əvəzedicisi deyil”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər