- 10:44
**ABŞ-da böyrək transplantasiyası sonrası quduzluqdan ölüm: Səbəb donor orqanı olub**
Ohayo ştatında böyrək nəqli keçirmiş bir xəstə əməliyyatdan cəmi bir neçə həftə sonra - 2025-ci ilin yanvarında quduzluqdan vəfat edib. Xəstənin heyvanlarla heç bir təmas tarixçəsi olmadığı üçün ölümün səbəbi tibbi müəmmaya çevrilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) araşdırma nəticəsində quduzluq virusunun transplantasiya edilmiş böyrəkdən keçdiyini müəyyən edib. Bu, 1978-ci ildən bəri ABŞ-da orqan nəqli yolu ilə ötürülən dördüncü quduzluq hadisəsi kimi qeydə alınıb.
Məlumata görə, donor Aydaho ştatında yaşayan bir kişi olub. O, 2024-cü ilin oktyabr ayının sonunda skunsun hücumuna məruz qalmış, təxminən beş həftə sonra isə ürək dayanması şübhəsi ilə huşsuz vəziyyətdə tapılmışdı. O zaman quduzluqdan şübhələnilmədiyi üçün heç bir test aparılmamışdı. Donorun ürəyi, ağciyərləri, sol böyrəyi və buynuz qişası transplantasiya üçün çıxarılıb.
Transplantasiyadan təxminən beş həftə sonra Miçiqan ştatında böyrək köçürülən xəstədə quduzluğa uyğun əlamətlər yaranıb. Analizlər CDC-yə göndərilib və bir neçə nümunədə quduzluq virusu RNT-si aşkar olunub.
Donorun heyvanlarla təması nəzərə alınaraq yenidən araşdırma aparılıb. Donordan əvvəlcə götürülmüş serumda virus aşkarlanmasa da, arxivləşdirilmiş böyrək biopsiyası nümunəsində quduzluq virusu RNT-si tapılıb. Beləliklə, virusun mənbəyinin köçürülmüş böyrək olduğu təsdiqlənib. Xəstə xəstəxanaya yerləşdirildikdən 7 gün sonra həyatını itirib.
Donorun ürəyi və ağciyərləri yalnız tədqiqat mərkəzində təlim məqsədilə istifadə edildiyi üçün heç kimə yoluxma riski yaratmayıb.
Eyni donordan üç nəfərə buynuz qişası köçürüldüyü müəyyən edilib. Həkimlər həmin buynuz qişalarını dərhal çıxarıb və xəstələrə quduzluğa qarşı profilaktik müalicə veriblər.
Şəbnəm Mehdizadə