- 15:13
Hindistan hökuməti GPS-i daim aktiv saxlamağı nəzərdən keçirir
Hindistan hökuməti "Apple" və digər smartfon istehsalçılarını ölkədə satılan cihazlarda GPS xidmətlərini daim aktiv saxlamağa məcbur etməyi planlaşdırır.
E-huquq.az xarici KİV-lərə istinadən xəbər verir ki, əgər tənzimləmə qüvvəyə minərsə, istifadəçilər GPS funksiyasını söndürə bilməyəcəklər. Bu isə ciddi məxfilik narahatlıqlarına səbəb ola bilər.
Hazırda GPS yalnız müəyyən tətbiqlər və ya təcili zəng zamanı aktivləşir. Yeni qaydaların məqsədi hüquq-mühafizə orqanları və fövqəladə hallar zamanı mövcud dəqiqliyi artırmaqdır.
Telekommunikasiya şirkətləri bu yanaşmanı dəstəkləsə də, "Apple" və "Google" kimi texnologiya nəhəngləri bununla razılaşmır. "Apple" Hindistan hökumətinə müraciət edərək bu addımın həddindən artıq tənzimləyici müdaxilə olduğunu və istifadəçilərin məxfiliyini riskə ata biləcəyini bildirib.
Ekspertlər isə hökumətin təhlükəsizlik və məxfilik arasında balans tapmasının vacibliyini vurğulayırlar.
Şəbnəm Mehdizadə