- 11:09
NASA-nın dərin kosmik zondu "Voyager 1" 2026-cı ilin noyabrında Yerdən bir işıq günü məsafəsinə çatacaq.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə o, bunu edən ilk kosmik gəmi olacaq. İşığın 24 saata qət etdiyi məsafə təxminən 16 milyard mil (26 milyard km) təşkil edir. Bu məsafədən göndərilən əmrin zonda çatması 24 saat, cavabın Yerə qayıtması isə daha 24 saat çəkir.
1977-ci ildə buraxılan "Voyager 1" hazırda 15,8 milyard mil uzaqlıqda, ulduzlararası fəzada hərəkət edir. O və əkizi "Voyager 2" heliosferdən kənara çıxan yeganə kosmik gəmilərdir və hələ də hissəciklərin sıxlığı, maqnit sahələri və plazma dalğaları barədə mühüm məlumatlar toplayır.
Saatda 38.000 mil sürətlə irəliləyən zondlar onilliklər ərzində heç bir kurs düzəlişi etməyiblər. Məsafənin çox böyük olması səbəbindən məlumat ötürmə sürəti cəmi saniyədə 160 bit-dir və siqnallar bir neçə böyük antena ilə qəbul olunur.
"Voyager"lər Günəş küləyi ilə ulduzlararası mühitin sərhədi - heliopauza haqqında dəyərli məlumatlar göndərir.
NASA komandası ümid edir ki, zondlardan ən azı biri daha bir neçə il fəaliyyət göstərəcək.
Şəbnəm Mehdizadə