- 17:49
Tailand və Kamboca sərhəd bölgəsində baş verən qarşıdurmalarda 14 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 500 min mülki vətəndaş təhlükəsizlik səbəbilə təxliyə edilib.
Kamboca Müdafiə Nazirliyi bazar ertəsi günündən bəri davam edən qarşıdurmalarda 9 mülki vətəndaşın öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.
Tailand tərəfdən isə qarşıdurmalarda 5 əsgərin həyatını itirdiyi, 68 əsgərin yaralandığı açıqlanıb.
Toqquşmaların üçüncü günündə Tailand ordusu F-16 qırıcıları ilə Kamboca ərazisinə qarşı hava hücumlarını davam etdirir.
Kamboca əsgərlərinin BM-21 çoxbarrelli reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək evlərə, məktəblərə və yaşayış məntəqələrinə ayrı-seçkilik etmədən atəş açdıqları iddia edilib.
Bu hücumların beynəlxalq hüququn və mülki şəxslərin müdafiəsi ilə bağlı müharibənin əsas prinsiplərinin pozulduğu iddia edilib.
Tailand ordusu öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və suverenliyini qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini vurğulayıb.
Sərhəddə qarşıdurmaların davam etdiyi bir vaxtda Kamboca hökuməti Tailandın nəzarətində olan 18 Kamboca əsgərinin azad edilməsi çağırışını təkrarlayıb.
Hökumət əsgərlərin 134 gündür Tailand hərbi nəzarətində saxlandığını bəyan edərək, onların dərhal azad edilməsini və ailələrinə sağ-salamat qayıtmasını tələb edib.
Bəyanatda qeyd olub ki, Kamboca hökuməti əsir əsgərlərin geri qaytarılması üçün bütün diplomatik və hüquqi yollara əl atacaq.
Şəbnəm Mehdizadə