Ukrayna və ABŞ arasında təhlükəsizlik təminatlarına dair danışıqlar baş tutdu


  • 11 Dekabr 23:03

Ukrayna və ABŞ rəsmiləri təhlükəsizlik təminatlarına dair sənədi onlayn formatda müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, bu təminatlarla bağlı konkret çərçivənin yaxın vaxtlarda formalaşdırılması gözlənilir.

Zelenski bildirib ki, danışıqlarda ABŞ-ı dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Prezident Donald Trampın kürəkəni Cared Kuşner və bir sıra yüksək rütbəli amerikalı generallar təmsil edib. Dialoqda NATO-nun baş katibi Mark Rütte də iştirak edib.

“ABŞ tərəfinin müxtəlif səviyyələrdə fəal iştirakı bizim üçün çox önəmlidir. Bu, təkcə müharibənin sonlandırılması deyil, həm də Ukraynanın təhlükəsizliyinin təmin olunması və Rusiyanın yeni hücumunun qarşısının alınması istiqamətində Amerikanın ciddi niyyətini göstərir”, - Prezident qeyd edib:

Zelenski vurğulayıb ki, təhlükəsizlik təminatları bütün növbəti addımlar üçün ən əsas məsələlərdən biridir. O, Ukraynanın Budapeşt Memorandumu ilə bağlı mənfi təcrübəsini xatırladaraq bildirib ki, Rusiya həmin öhdəlikləri pozub.

Tərəflər yaxın vaxtlarda təhlükəsizlik təminatları ilə bağlı dəqiq və razılaşdırılmış çərçivənin formalaşdırılması üçün fəal işləmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər