Son 13 ildə Antarktidada 362 buzlaq zəlzələsi olub


  • 12 Dekabr 22:27

Avstraliyalı alimlər 2010–2023-cü illər ərzində Antarktidada ümumilikdə 362 buzlaq zəlzələsinin baş verdiyini müəyyən ediblər. Tədqiqat nəticələri qlobal dəniz səviyyəsinin sürətlə yüksəlməsi ilə bağlı risklərin artdığını göstərir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya Milli Universitetinin məlumatına görə, alimlər Antarktidadakı buzlaq zəlzələlərini Qrenlandiya kimi digər soyuq regionlarla müqayisədə daha az müşahidə olunduğu üçün xüsusi diqqətlə araşdırıblar. Təhlil zaman ölkədə qeydə alınmış 362 buzlaq zəlzələsinin böyük hissəsinin "Qiyamət buzlağı" kimi tanınan, yüksək risk daşıyan "Thwaites" buzlağı ərazisində baş verdiyi aşkar edilib.

Tədqiqatçılar bildirirlər ki, bu cür seysmik aktivlik böyük buz kütlələrinin çökməsinə səbəb olarsa, dəniz səviyyəsinin daha sürətli yüksəlməsi təhlükəsini yarada bilər. Onlar hesab edirlər ki, intensiv titrəmələrin müşahidə olunduğu bölgələrdə aparılacaq yeni araşdırmalar bu qlobal problemin daha dərindən anlaşılmasına töhfə verə bilər.

Tədqiqatın ətraflı nəticələrinin yaxın vaxtlarda "Geophysical Research Letters" jurnalında dərc olunacağı gözlənilir.

Qeyd edək ki, buzlaq zəlzələləri əsasən soyuq və buzlaqlarla örtülü bölgələrə xas olan təbiət hadisəsidir. Bu zəlzələlər böyük buz parçalarının qoparaq suya düşməsi nəticəsində yaranır. Qopmuş buz kütlələri ana buzlaqla toqquşduqda isə minlərlə kilometr uzaqlığa yayıla bilən güclü titrəmələr meydana gəlir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər