- 16:22
Arktikada 1900-cü ildən bəri ən isti il qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) illik Arktika Hesabat Kartında yer alır.
Belə ki, 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər orta temperatur 1991–2020 göstəricilərindən 1,6°C yüksək olub.
Hesabatda bu dövrün Arktikada ən isti payız, ikinci ən isti qış və üçüncü ən isti yay olduğu qeyd edilir. Alimlər bildirirlər ki, region qlobal orta göstəricidən xeyli sürətlə isinməkdədir. Əriyən dəniz buzları günəş istiliyini daha çox udan okean sularını üzə çıxararaq istiləşməni sürətləndirir.
2025-ci ilin martında dəniz buzlarının səviyyəsi son 47 ilin ən aşağı maksimum həddinə enib. Bu vəziyyət qütb ayıları və suitilər üçün ciddi təhlükə yaradır. Arktika 2040-cı ilə qədər ilk buzsuz yayını yaşaya bilər.
Arktikadakı istiləşmə qlobal miqyasda da risklər yaradır: okean cərəyanlarının zəifləməsi, dəniz səviyyəsinin qalxması, sahil eroziyası və permafrostun əriməsi nəticəsində çayların çirklənməsi kimi fəsadlar artır.
Bundan əlavə, tundranın "yaşıllaşması" rekord həddə çatıb və son altı ildə ən yüksək göstəricilər qeydə alınıb.
Şəbnəm Mehdizadə