ABŞ-də keşiş azyaşlılara qarşı cinsi istismarda ittiham olunaraq həbs edilib


  • 14:48

ABŞ-nin dörd ştatında təxminən 50 il ərzində minlərlə uşağa dini təhsil verən Pentikostal keşiş Joe Campbell azyaşlılara qarşı cinsi istismar ittihamı ilə həbs olunub.

E-huquq.az xarii KİV-ə istinadən xəbər verir ki, bu barədə Oklahoma Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 68 yaşlı keşiş 16 yaşından kiçik uşağa qarşı təcavüz və açıq-saçıq cinsi hərəkətlərdə ittiham edilir. O, Missuri ştatında yerləşən uşaq düşərgəsində saxlanılıb.

Keşişin 1970-ci illərdən etibarən uşaqlara qarşı sistematik cinsi istismar iddiaları və bu hallara illərlə kilsə rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının müdaxilə etmədiyi üzə çıxıb. Ən azı 14 qadın uşaq yaşlarında keşiş tərəfindən istismara məruz qaldıqlarını bildirib.

Araşdırmalara görə, o, dini nüfuzundan istifadə edərək xüsusilə həssas ailələrdən olan qızları hədəf alıb. 1988-ci ildə şikayətlərə baxmayaraq, kilsə onun fəaliyyətini dayandırmayıb. O, yalnız 1989-cu ildə başqa bir sui-istifadə hadisəsindən sonra dini təşkilatdan uzaqlaşdırılıb.

Buna baxmayaraq, Campbell sonradan öz kilsəsini və “Camp Bell” adlı gənclər düşərgəsini quraraq uşaqlarla işləməyə davam edib və milli xristian televiziya kanalında çıxışlar edib.

Oklahoma Baş prokuroru Gentner Drummond səlahiyyətlərindən istifadə edərək uşaqlara zərər verən bütün dini liderlərin qanun qarşısında cavab verəcəyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər