- 16:15
Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın sanksiyalara məruz qalan Venesuela neft tankerlərinin qarşısını almaq əmrinə sərt reaksiya verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Sarayında çıxış edən Maduro bu addımı "müharibə qızışdıran və müstəmləkəçi təşəbbüs" adlandırıb.
Maduro bildirib ki, ABŞ-nin əsl məqsədi Venesuelada rejim dəyişikliyinə nail olmaq və ölkəni müstəmləkəyə çevirməkdir.
"Venesuela heç vaxt heç kimin müstəmləkəsi olmayacaq. Biz öz torpağımızdayıq və suveren hüquqlarımızdan imtina etməyəcəyik" - deyə Maduro vurğulayıb.
ABŞ-nin Vyetnam, Əfqanıstan, İraq və Liviyada apardığı müharibələri xatırladan Maduro, Latın Amerikası və Karib hövzəsi xalqlarının bölgədə yeni müharibəyə qarşı olduğunu qeyd edib. O, BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə artan gərginlik və təhdidləri müzakirə etdiyini də əlavə edib.
Trampın Venesuela neftinin ABŞ-yə məxsus olduğu iddiasına cavab olaraq isə Maduro deyib ki, ölkənin nefti, qızılı və təbii sərvətləri yalnız Venesuela xalqına məxsusdur. Bütün təhdidlərə baxmayaraq, Venesuelanın neft və digər məhsulların ticarətini davam etdirəcəyini vurğulayıb.
Sonda Maduro Kolumbiyanı regional birliyə dəvət edib.
Şəbnəm Mehdizadə