- 12:12
Şimal yarımkürəsində ilin ən qısa günü yaxınlaşır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü - 21 dekabrda Günəşin səmada ən aşağı nöqtəyə enməsi ilə astronomik qış başlayacaq. Bu gün, həmçinin daha uzun və parlaq günlərin xəbərçisi olacaq. Cənub yarımkürəsində isə bunun əksinə, ilin ən uzun günü və yay başlayacaq.
"Gün dönümü" termini latınca "günəş" mənasını verən "sol" və "durmaq" mənasını verən "stitium" sözlərindən yaranıb. Bu, günəşin səmada illik səyahətinin dayanma nöqtəsini təmsil edir.
Qış gün dönümündə günəş səmada ən qısa və ən aşağı yolu izləyir. Lakin sevindirici xəbər odur ki, bu tarixdən sonra günəş yenidən yüksəlməyə başlayır və günlər tədricən uzanır. Bu proses, iyunun sonuna qədər davam edəcək.
Tarix boyu insanlar, gün dönümünü xüsusi mərasimlərlə qeyd edib. Məsələn, məşhur Stounhenç kimi abidələr qədim zamanlarda günəşin hərəkətinə uyğun olaraq tikilib.
Yer kürəsi Günəş ətrafında hərəkət edərkən müəyyən bir bucaq altında hərəkət edir. Bu əyilmə, Günəş işığının və istiliyinin şimal və cənub yarımkürələrində qeyri-bərabər paylanmasına səbəb olur. Gün dönümü zamanı yarımkürələr müxtəlif miqdarda günəş işığı alır və gündüz ilə gecə arasındakı fərq ən yüksək həddə çatır.
Şimal yarımkürəsində qış gün dönümü, yerin yuxarı yarısının Günəşdən ən uzaq nöqtəyə əyildiyi zamandır. Bu il ilin ən qısa günü və ən uzun gecəsi 21 dekabra təsadüf edir.
Bundan fərqli olaraq, gündüz və gecə bərabərliyi zamanı Yer, hər iki yarımkürəyə bərabər miqdarda günəş işığı çatdırır. Bu vəziyyət, hər iki yarımkürədə gündüz və gecənin uzunluqlarının demək olar ki, eyni olduğu vaxtdır. Şimal yarımkürəsində payız bərabərliyi sentyabrda, yaz bərabərliyi isə martda baş verir.
İli fəsillərə bölməyin iki fərqli yolu vardır:
Astronomik fəsillər: Bunlar Yer kürəsinin Günəş ətrafında hərəkətinə və oxun əyilməsinə əsaslanır.
Meteoroloji fəsillər: Bu fəsillər, hava şəraiti və illik temperatur dövrlərinə görə müəyyən edilir.
Meteoroloqlar ili üç aylıq dövrlərə bölürlər. Meteoroloji təqvimə görə, qış 1 dekabrda başlayır, yaz 1 martda, yay 1 iyunda və payız 1 sentyabrda başlayır.
Şəbnəm Mehdizadə