- 17:26
Rəqəmsal dünyada istifadəçilərin seçimlərini səssiz şəkildə istiqamətləndirən əsas mexanizmlərdən biri tövsiyə alqoritmləridir. Film seçimindən tutmuş video axınına qədər qarşılaşdığımız məzmunun böyük hissəsi bu sistemlər tərəfindən müəyyən edilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, rəqəmsal platformalarda təqdim olunan məzmunun arxasında istifadəçi davranışlarını təhlil edən mürəkkəb alqoritmik sistemlər dayanır. Bu alqoritmlər izlənilən videoları, dinlənilən musiqiləri və istifadəçilərin platforma daxilindəki bütün qarşılıqlı əlaqələrini analiz edərək fərdiləşdirilmiş təcrübə yaradır. Süni intellekt və verilənlər bazası üzərində qurulan bu struktur müasir platformaların əsas hərəkətverici qüvvəsi hesab olunur.
Tövsiyə alqoritmləri istifadəçilərin keçmiş davranışlarına əsaslanaraq gələcəkdə maraq göstərə biləcəkləri məzmunu proqnozlaşdıran hesablama modelləridir. Məsələn, bir istifadəçi müəyyən film janrına və ya musiqi növünə üstünlük verdikdə, sistem bu məlumatı oxşar zövqlərə malik milyonlarla digər istifadəçinin davranışları ilə müqayisə edir. Hər klik, fasilə və ya bir məzmunun nə qədər müddət izlənməsi kimi detallar davamlı şəkildə təhlil olunur. Nəticədə alqoritmlər zamanla istifadəçinin seçimlərini daha dəqiq proqnozlaşdıra bilir.
Bu sistemlərin işləmə mexanizmi platformadan platformaya dəyişsə də, əsas məqsəd istifadəçinin diqqətini mümkün qədər uzun müddət cəlb etməkdir."Netflix" və "YouTube" kimi platformalar oxşar zövqə malik istifadəçilərin baxış vərdişlərini, eyni zamanda məzmunun janr, tempo və açar sözlər kimi texniki xüsusiyyətlərini analiz edir. Musiqi tətbiqləri isə ritm, melodiya və vokal xüsusiyyətləri nəzərə alaraq fərdiləşdirilmiş listlər yaradır.
Sosial media platformalarında isə prioritet yalnız əyləncə deyil, qarşılıqlı əlaqənin artırılmasıdır. Burada bəyənmələrdən daha çox, istifadəçinin bir paylaşıma nə qədər vaxt ayırması, onu paylaşması və ya şərh etməsi əsas göstəricilərə çevrilir. Bu siqnallar alqoritmlərin növbəti mərhələdə hansı məzmunu təqdim edəcəyini müəyyən edir.
Nəticə etibarilə, tövsiyə alqoritmləri təkcə fərdi seçimlərə deyil, qlobal əyləncə vərdişlərinə və rəqəmsal sosiallaşma formalarına da təsir göstərir. Gələcək trendləri öncədən proqnozlaşdıra bilən bu sistemlər süni intellekt və avtomatlaşdırmanın müasir həyatdakı rolunu aydın şəkildə ortaya qoyur.
Şəbnəm Mehdizadə