- 17:26
"Google" şirkəti "Gmail" istifadəçilərinə e-poçt ünvanlarını dəyişməyə imkan verəcək yeni funksiya üzərində çalışır.
E-huquq.az xəbər verir ki, uzun illərdir tətbiq edilən bu məhdudiyyətin aradan qaldırılması istifadəçilər üçün mühüm yenilik kimi qiymətləndirilir.
İndiyədək "Gmail" istifadəçilərinə mövcud e-poçt ünvanlarını dəyişməyə icazə verməyən "Google" bu məsələdə rəqiblərindən fərqli mövqe tuturdu. Lakin sızdırılan məlumatlara əsasən, bu yanaşma dəyişir. Yeni funksiyanın tətbiqi ilə istifadəçilər "gmail.com" domeni altında tamamilə yeni e-poçt adı seçə biləcəklər.
Sənəddə qeyd olunur ki, ümumilikdə üç dəfə e-poçt ünvanlarını dəyişə biləcəklər. Diqqətçəkən məqamlardan biri isə köhnə ünvanların deaktiv edilməməsidir. İstifadəçilər eyni gələnlər qutusunda həm əvvəlki, həm də yeni ünvanlarına göndərilən məktubları almağa davam edəcəklər. Bu imkan xüsusilə peşə fəaliyyəti ilə bağlı ad dəyişənlər və ya köhnə e-poçt ünvanını yeniləmək istəyənlər üçün rahatlıq yaradır.
Bununla yanaşı, kibertəhlükəsizlik mütəxəssisləri mümkün risklər barədə xəbərdarlıq edirlər.Bildirilir ki, belə genişmiqyaslı dəyişikliklər fişinq və fırıldaqçılıq cəhdlərinin artmasına səbəb ola bilər. Xüsusilə “e-poçt ünvanınızı dəyişmək üçün linkə klikləyin” tipli saxta bildirişlərin yayılacağı istisna edilmir.
Şirkət yeni funksiyanı mərhələli şəkildə bütün dünyada istifadəyə verməyi planlayır.
Şəbnəm Mehdizadə