- 17:26
2025-ci ildə çoxsaylı təbii fəlakətlər minlərlə insanın ölümü ilə nəticələnib.
E-huquq.az xəbər verir ki, bu il bir çox ölkədə həddindən artıq yağışın səbəb olduğu sel və torpaq sürüşməsi kimi fəlakətlərlə mübarizə aparılıb.
Güclü musson yağışları infrastrukturu gərginləşdirərək geniş daşqınlara səbəb olub. Yağışlar minlərlə insanı evlərindən didərgin salıb, şəhərlərdə infrastruktura ciddi ziyan vurub.
Nigeriyanın Niger əyalətində may ayında yağan leysan yağışlarının səbəb olduğu daşqınlarda 220 nəfərin öldüyü bildirilir. Cənubi Afrikanın Şərqi Keyp əyalətində iyun ayında yağan güclü yağış və qar fırtınalarının səbəb olduğu daşqınlarda 101 nəfər həyatını itirib. ABŞ-nin cənubundakı Texas ştatında iyulun 4-də yağan qəfil leysan yağışlar Kerr bölgəsində Qvadalupe çayının daşmasına və daşqınlara səbəb olub. Daşqınlar nəticəsində ümumilikdə 129 nəfər həlak olub.
İyun-sentyabr aylarında Cənubi Asiyaya təsir edən musson yağışları Hindistanda ciddi fəsadlar törədib. Şimaldakı Himaçal-Pradeş əyalətində iyul ayında yağan leysan yağışları nəticəsində baş verən daşqınlar, torpaq sürüşmələri və yol qəzaları nəticəsində ölənlərin sayının 298 nəfər olduğu bildirilir. Pakistanın Pəncab əyalətində təxminən 2 milyon insanın daşqından təsirləndiyi və suyun səviyyəsinin ən yüksək səviyyəyə çatdığı açıqlanıb. Pakistanın şimalında iyul və avqust aylarında yağan güclü yağışların səbəb olduğu daşqınlarda 1002 nəfər ölüb.
Meksikada oktyabr ayında yağan güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində beş ştatda 76 nəfər ölüb, 39 nəfər itkin düşüb. Filippində Sakit Okeanda başlayan Kalmaegi qasırğasının gətirdiyi güclü külək və daşqınlar nəticəsində 232 nəfər ölüb, 112 nəfər itkin düşüb. İndoneziyada Sumatra adasında yağan leysan yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Rəsmilər ölənlərin sayının 1030-a yüksəldiyini açıqlayıb.
İndoneziyanın Şimali Sumatra, Qərbi Sumatra və Aceh əyalətlərində 206 nəfərin itkin düşdüyünü bildirilib. On minlərlə evə və ictimai obyektə ziyan vuran təbii fəlakət 1,5 milyondan çox insanı didərgin salıb. İndoneziyanın Sumatra adasındakı təbii fəlakətin infrastruktura vurduğu ziyanın bərpasına 3 milyard dollar xərcləyəcəyi təxmin edilir.
Şri-Lankada leysan yağışları çoxsaylı ərazilərdə sürüşmə və daşqınlara səbəb olub. 627 nəfər ölüb, 190 nəfər hələ də itkin düşüb.
Rəsmilər təbii fəlakətdən 2,17 milyondan çox insanın zərər çəkdiyini bildirib. Axtarış-xilasetmə qruplarının daşqın və sürüşmə təhlükəsi olan bir çox əraziyə çatmaqda çətinlik çəkdiyi də vurğulanıb.
Tailandın cənubunda leysan yağışların səbəb olduğu güclü daşqınlar 185 nəfərin həyatına son qoyub. 12 yeri vuran daşqınlar 1,4 milyondan çox ev təsərrüfatına və 3,8 milyondan çox insana mənfi təsir göstərib.
Daşqınlarla yanaşı zəlzələlər də bu il öz dağıdıcı təsirini göstərib. Çoxsaylı bölgələrdə bir-birinin ardınca baş verən təkanlar ölüm, binaların dağılması, infrastrukturun ciddi zədələnməsi və minlərlə insanın evsiz qalması ilə nəticələnib.
İyulun 30-da Rusiyanın şərqindəki Kamçatka bölgəsi yaxınlığında 8,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra Cənub-Şərqi Asiya ölkələrində və ABŞ-nin müxtəlif bölgələrində sunami xəbərdarlığı edilib, Kamçatka bölgəsində fövqəladə vəziyyət elan edilib. 8,8 bal gücündə olan Kamçatka zəlzələsi tarixin ən böyük on zəlzələsindən biri kimi qeydə alınıb. Zəlzələdən sonra Yaponiyanın Sakit okean sahilləri boyunca 220-dən çox ərazidə 1,9 milyondan çox insana təxliyə olunmaları barədə xəbərdarlıq edilib.
Sentyabrın 13-də Rusiyanın şərqindəki Kamçatka yarımadasında 7,4 bal gücündə zəlzələ baş verib. Sentyabrın 18-də Kamçatka yarımadasında 7,8 bal gücündə zəlzələ baş verib. Yanvar ayında Çinin Tibet Muxtar Bölgəsində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində 126 nəfər ölüb, 188 nəfər yaralanıb. Mart ayında Myanmanın mərkəzindəki Saqainq bölgəsi yaxınlığında 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Bu zəlzələlərdə 3700-dən çox insan həlak olub, 5020 nəfər yaralanıb.
Avqustun 31-də Əfqanıstanın şərqindəki Kunar əyalətində 6 bal gücündə zəlzələ baş verib. Bu zəlzələdə 2205 nəfər ölüb, 3640 nəfər yaralanıb. Noyabrın 3-də Əfqanıstanın şimalındakı Bəlx vilayətinin Hulm bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib. Bu zəlzələdə 27 nəfər ölüb, 956 nəfər yaralanıb.
Sentyabrın 30-da Filippinin Palompon şəhərinin qərb sahillərində 6,9 bal gücündə zəlzələ baş verib, nəticədə 72 nəfər həlak olmuşdur. Zəlzələdən sonra 8 298 afterşok qeydə alınıb.
Bundan başqa Los-Ancelesdə yanvarın 7-də səhər saatlarında Sakit Okean Palisades bölgəsində başlayan və sürətlə ətraf ərazilərə yayılan meşə yanğınları 30 nəfərin həyatına son qoyub. Minlərlə hektar ərazini külə çevirən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250 ilə 275 milyard dollar arasında olduğu təxmin edilir.
Yanvarın 23-də Kastaik gölünün ətrafında başlayan yanğın 4000 hektardan çox əraziyə yayılıb. Bu yanğınlar 440 nəfərin ölümünə səbəb olub.
Avstraliyada meşə yanğınlarının 65 min hektar əraziyə ziyan vurduğu bildirilir.
Yanvar ayında İtaliyanın şimalında Alp dağlarında qar uçqunu 3 nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olub. Qırğızıstanda ölkənin cənubu ilə şimalını birləşdirən Bişkek-Oş avtomobil yolunda 4 avtomobil qar uçqunu altında qalıb. Səlahiyyətlilər biri yaralı olmaqla 4 nəfəri xilas edib. Yaponiyanın şimal-şərqində qar uçqunu hadisəsi zamanı 100-dən çox insanı otellərdə köməksiz vəziyyətdə qalıb.
Fevral ayında Hindistanın Uttarakhand əyalətinin şimalında bir yola qar uçqunu düşüb. Axtarış-xilasetmə qrupları qar altından 46 nəfəri xilas edib, 8 nəfərin cəsədini çıxarıb.
Pakistanda pakistanlı alpinist dünyanın ikinci ən hündür zirvəsi olan K2 dağında uçqun altında həlak olub. Uçqunun K2 dağındakı baza düşərgəsindən təxminən 500 metr hündürlükdə, 1 saylı düşərgədə baş verdiyi bildirilir.
Sloveniyada oktyabr ayında Julian Alp dağlarında Tosk dağında qar uçqunu nəticəsində həlak olan üç xorvatiyalı alpinistin cəsədi çıxarılıb.
İtaliyada noyabr ayında Alp dağlarında qar uçqunu nəticəsində 5 nəfər həlak olub. Nepalda isə noyabr ayında Yalunq-Ri dağında qar uçqunu nəticəsində 7 nəfər həlak olub.
Şəbnəm Mehdizadə