Şimali Koreya dənizə uzaqmənzilli strateji kruiz raketləri buraxdı


  • 12:19

Şimali Koreya hərbi qüvvələri döyüş hazırlığını və hücum imkanlarını yoxlamaq məqsədilə Qərb sahili istiqamətindən dənizə uzaqmənzilli strateji kruiz raketləri buraxıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Təlimlərin məqsədi buraxılış prosedurlarını sınaqdan keçirmək, raketlərin manevr qabiliyyətini yoxlamaq və “əsas strateji silah sistemi” kimi təqdim olunan raket kompleksinin etibarlılığını qiymətləndirmək olub.

Bildirilib ki, raketlər Qərb dənizi üzərindən əvvəlcədən müəyyən edilmiş marşrutlar boyunca uçaraq təyin olunmuş hədəfləri uğurla vurub.

Təlimlərə şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib və o, nəticələrdən məmnunluğunu ifadə edib.

KCNA-nın xəbərində Kim Çen Inin nüvə qarşısının alınması imkanlarının mütəmadi sınaqdan keçirilməsini ölkənin təhlükəsizliyinə yönələn təhdidlərə qarşı özünümüdafiə hüququnun bir hissəsi kimi qiymətləndirdiyi və nüvə qabiliyyətlərinin inkişaf etdirilməsinin davam etdiriləcəyini vurğuladığı da qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər