- 17:26
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Gelzenkirxen şəhərində oğrular film səhnələrini xatırladan üsulla bankı qarət ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə barədə məlumatı polis yayıb.
Məlumata görə, cinayətkarlar əvvəlcə Buer rayonunda yerləşən qarajın zirzəmisindəki tuneldən istifadə edərək bankın zirzəmisinə daxil olublar. Daha sonra isə divarı deşərək seyf qutularına keçid açıblar. İçərisində şəxsi əşyalar və əmanətlər olan seyfləri boşaldan oğrular əllərindəki pullarla izlərini itirərək qaçıblar.
Hadisə yanğın siqnalının işə düşməsi ilə bu gün saat 03:58-də aşkarlanıb.
Oğurlanan məbləğ hələ dəqiqləşdirilməyib. Polis araşdırmalara başlayıb və məlumatı olan şəxsləri təhlükəsizlik orqanlarına məlumat verməyə çağırıb.
Qeyd edək ki, Almaniyada Milad bayramı səbəbilə 24-26 dekabr tarixlərində banklar və dövlət idarələri bağlı olub.
Ardınca gələn iki günün həftəsonuna təsadüf etməsi beşgünlük tətil yaradıb, bu da qarət üçün "əlverişli" şərait yaradıb.
Şəbnəm Mehdizadə