- 17:17
Almaniyanın silah və hərbi texnika ixracatı 2025-ci ildə əhəmiyyətli dərəcədə azalaraq təxminən 8,40 milyard avro təşkil edib. Azalma əsasən Ukraynaya silah tədarükünün əvvəlki illərlə müqayisədə kəskin şəkildə azalması ilə əlaqələndirilir.
E-huquq.az-ın xarici mətbuata istinadən məlumatına görə, hökumət bu ilin 8 dekabr tarixinədək ümumilikdə 8,40 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verib.
Müqayisə üçün qeyd edək ki, Almaniyanın silah ixracatı 2023-cü ildə 12,15 milyard avro, 2024-cü ildə isə 13,33 milyard avro ilə rekord səviyyəyə çatmışdı. 2025-ci ildə isə bu göstərici xeyli geriləyib.
Ukraynaya silah ixracındakı azalma xüsusilə diqqət çəkir. Rusiya ilə müharibə şəraitində olan Ukraynaya bu il cəmi 1,14 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verilib. Halbuki, 2024-cü ildə bu rəqəm 8,15 milyard avro olmuşdu.
Məlumata görə, 2025-ci ilin may ayında vəzifəyə başlayan Xristian Demokrat İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyasından (SPD) ibarət yeni Almaniya hökuməti bu il ümumi dəyəri 5,39 milyard avro olan silah və hərbi texnika ixracını təsdiqləyib.
2025-ci ildə Almaniyanın silah və hərbi texnika üzrə ən böyük ixrac bazarı Norveç olub. Bu ölkəyə edilən ixracın dəyəri 1,31 milyard avro təşkil edib.
Şəbnəm Mehdizadə