- 00:28
Yunanıstanda hava limanlarında uçuşların kütləvi şəkildə təxirə salınmasına səbəb olan texniki nasazlıqla bağlı rəsmi araşdırmaya başlanılıb.
E-huquq.az Yunanıstanın dövlət televiziyası ERT-yə istinadən xəbər verir ki, Afina Baş Prokuroru Aristidis Korias dünən baş verən nasazlıqla əlaqədar təcili təhqiqatın aparılması barədə göstəriş verib.
Təhqiqat çərçivəsində təyyarələrlə rabitəyə hər hansı təhlükəli müdaxilənin olub-olmaması və Yunanıstanın demək olar ki, bütün hava məkanına təsir edən problemin mənbəyi araşdırılacaq.
Qeyd edək ki. dünən baş verən nasazlıq səbəbindən bir sıra reyslər ləğv edilib, bu isə sonrakı uçuşlarda gecikmələrə yol açıb. Həmçinin gün ərzində planlaşdırılan onlarla reys təxirə salınıb.
Yunan Mülki Aviasiya Təşkilatının Elektron Mühəndisləri Assosiasiyasının prezidenti Konstantinos Kanderakis problemin birbaşa sistem nasazlığından deyil, xarici amillərin yaratdığı müdaxilədən qaynaqlana biləcəyini istisna etməyib. Onun sözlərinə görə, güclü səs-küy və siqnal yüklənməsi səbəbindən rabitə müvəqqəti olaraq kəsilib.
Şəbnəm Mehdizadə