- 00:28
Fransada hökumətin 2026-cı il dövlət büdcəsi hələ də parlament tərəfindən təsdiqlənməyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, büdcə layihəsində nəzərdə tutulan bəzi dəyişikliklər, xüsusilə sosial təminat və səhiyyə sahəsinə aid müddəalar ciddi etirazlara səbəb olub.
Yerli mətbuatın yazdığına görə, hökumətin sosial təminat büdcəsi çərçivəsində müayinə və müalicə haqlarına nəzarəti gücləndirməyi nəzərdə tutan dəyişikliklər həkimlər tərəfindən kəskin qarşılanıb. Həkimlər məhdudiyyətlərə və ödənişlərin azaldılmasına etiraz edir.
Xüsusilə ailə həkimləri və klinikaların rəhbərləri tibbi xidmətlərə görə ödənişlərin azaldılması, eləcə də bəzi tibbi praktikaların açılmasına qoyulan məhdudiyyətlərə etiraz olaraq tətilə başlayıblar.
Həkimlər təxminən 10 gün davam edəcək tətil planlaşdırdıqlarını bildiriblər. Bu isə xəstəxana və səhiyyə xidmətlərində fasilələrə, bəzi planlı əməliyyatların isə təxirə salınmasına səbəb ola bilər.
Hökumət sözçüsü Maud Bregeon bildirib ki, Fransanın xüsusi büdcə rejimi ilə uzun müddət idarə olunması mümkün deyil və hökumət bu ay ərzində 2026-cı il büdcəsinin qanunverici orqan tərəfindən təsdiqlənməsini hədəfləyir.
Qeyd edək ki, hökumətin 2026-cı il büdcə təklifi parlamentin aşağı palatası olan Milli Assambleyada təsdiqlənsə də, Senat tərəfindən rədd edilib. Dekabrın 19-da keçirilən Birgə Komitənin iclasında da tərəflər arasında razılıq əldə olunmayıb. Fransada büdcə ilə bağlı fikir ayrılıqları son illərdə siyasi qeyri-sabitliyə səbəb olub.
Şəbnəm Mehdizadə