İranda etirazlar zamanı ölənlərin sayı 20-yə çatıb


  • 5 Yanvar 16:55

İranda milli valyutanın tarixi devalvasiyası və dərinləşən iqtisadi böhran fonunda başlayan etirazlar səkkiz gündür davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, milli valyuta rialın kəskin dəyər itirməsi paytaxt Tehran başda olmaqla bir çox şəhərdə genişmiqyaslı etirazlara səbəb olub.

28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında mağazaların bağlanması ilə başlayan aksiyalar qısa müddətdə nəzarəti çətin olan kütləvi ictimai hərəkata çevrilib.

Son hesabata görə, etirazlar ölkənin 31 əyalətindən 26-da, ümumilikdə 222 fərqli nöqtədə qeydə alınıb.

Aksiyaların əsas səbəbi İran rialının xarici valyutalar qarşısında sürətlə ucuzlaşması və bunun nəticəsində əsas ərzaq məhsullarının qiymətlərinin kəskin artmasıdır.

Tehranda başlayan nümayişlər qısa zamanda Lorestan, Çaharmahal və Bəxtiyari kimi əyalətlərə yayılıb, rejim əleyhinə şüarlarla müşayiət olunan genişmiqyaslı etiraz dalğasına çevrilib.

Səkkiz gündür davam edən qarşıdurmalarda 19 etirazçı və 1 təhlükəszilik əməkdaşı həyatını itirib, azı 51 nəfər yaralanıb.

Xəsarət alanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin rezin güllə və ov tüfənglərindən açdığı atəş nəticəsində yaralandığı bildirilir.

İndiyədək azı 990 nəfərin saxlanıldığı qeyd olunur.

İran prezidenti Məsud Pezeşkian ictimai narazılığın legitimliyini qəbul edərək, ölkədəki iqtisadi vəziyyətə görə hökumətin məsuliyyət daşıdığını bəyan edib.

Prezident rəsmilərə müraciət edərək, problemlərə görə xarici aktorları, xüsusilə ABŞ-ni ittiham etməkdən imtina etməyə çağırıb.

Lakin Pezeşkianın bu mövqeyi küçələrdəki gərginliyin azalmasına səbəb olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər