- 00:49
Böyük Britaniya televiziya məkanında və internetdə qeyri-sağlam qidaların reklamı qadağan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə İngiltərə Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeni qaydalara görə, saat 05:30-21:00 arasında daha az sağlam olaraq təsnif edilən qida və içkilərin reklamları televiziyada qadağan ediləcək və onlayn platformalarda günün bütün saatlarında bloklanacaq.
Qadağa uşaqlıqda piylənməyə səbəb olan 13 məhsul kateqoriyasını əhatə edir. Bunlara qazlı içkilər, şokolad və qənnadı məmulatları, pizza, tortlar və dondurmalar, həmçinin bəzi səhər yeməyi dənli məhsulları, sıyıqlar, sendviçlər, şəkərli çörək məhsulları və ətirli qatıqlar daxildir.
Məhsulun reklam məhdudiyyətlərinə məruz qalıb-qalmayacağı, onun qida dəyərinə əsaslanan qiymətləndirmə sistemi ilə müəyyən ediləcək. Doymuş yağ, duz və şəkərdə yüksək olan, məqbul həddən kənara çıxan məhsulların reklamı qadağan ediləcək. Daha sağlam hesab edilən məhsulların reklamına icazə veriləcək.
Qərarın tətbiqinə Reklam Standartları Təşkilatı (ASA) nəzarət edəcək.
Böyük Britaniya hökuməti hesab edir ki, reklam qadağası hər il uşaqların qida rasionundan təxminən 7,2 milyard kalori çıxaracaq, 20 minə yaxın uşaqda piylənmənin qarşısını almağa kömək edəcək və səhiyyə sisteminə 2 milyard funt-sterlinq dəyərində uzunmüddətli fayda verəcək.
Nazirliyin yaydığı açıqlamada reklamın uşaqların yemək vərdişlərinə birbaşa təsir etdiyini bildirir və yeni tənzimləmənin uşaqları ən çox istifadə etdikləri media mühitlərində və ən həssas olduqları dövrlərdə qorumaq məqsədi daşıdığı vurğulanıb.
Ölkədə rəsmi məlumatlara görə, ibtidai məktəbə başlayan uşaqların 22,1%-i artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Yuxarı siniflərdə bu göstərici 35,8%-ə yüksəlir.
Şəbnəm Mehdizadə