- 16:37
İranda hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 46-nı keçib.
E-huquq.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri əvvəlcə nümayişləri yatırmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edirdisə, hazırda etirazçılara odlu silahla atəş açılır.
Qeyd edək ki, İranın ən böyük şəhərlərindən biri olan Məşhəddə islam respublikasının bayrağı endirilərək yandırılıb. Ərdəbildə İranın ali rəhbəri Seyid Əli Xameneiyə ölüm şüarları səsləndirilib. Təbriz daxil, azərbaycanlıların yaşadığı digər şəhərlərdə etirazlara qoşulub.
ABŞ Prezidenti Donald Tramp məşhur "The Hugh Hewitt Show" radio şousuna verdiyi müsahibədə bildirib ki, Vaşinqton etirazlarla bağlı hadisələri yaxından izləyir.
Aparıcının aksiyalarda onlarla insanın öldüyü barədə qeydinə cavab olaraq Prezident qeyd edib ki, bəzi ölümlər izdihamın idarə olunması və əzilmə ilə əlaqəli ola bilər.
"İrandakı rejimin süqut edib-etməyəcəyini demək istəmirəm, amma onlar üçün işlər çox pis gedir. Mən onlara demişəm ki, etirazlar zamanı insanları öldürməyə başlasalar, çox ağır zərbə endirəcəyik. Etirazçıları öldürsələr, cəhənnəm əzabı çəkəcəklər", - ABŞ Prezidenti əlavə edib.
O, vurğulayıb ki, hazırda İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə görüş keçirməyi yersiz hesab edir.