Məzmuna keç

İran Xəzəryanı ölkələri dəniz təhlükəsizliyi üzrə koordinasiyanı gücləndirməyə çağırıb

İran Xəzəryanı ölkələri Qərbin gündəliyinə qarşı çıxmaq məqsədilə dəniz təhlükəsizliyi sahəsində koordinasiyanın gücləndirilməsinə çağırıb.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a verdiyi müsahibədə bildirib.

Səfir İranın regionda müdafiə etdiyi əsas prinsipləri sadalayıb: “Dəniz təhlükəsizliyi sahəsində koordinasiyanın gücləndirilməsi – qaçaqmalçılığa, ekoloji təhdidlərə və şübhəli fəaliyyətlərə qarşı mübarizə aparmaq üçün birgə təlimlərin və patrul xidmətinin həyata keçirilməsi. Regional iqtisadi əməkdaşlığın genişləndirilməsi – tranzit, energetika və balıqçılıq sahələrində, xarici oyunçulardan asılılığın azaldılması məqsədilə”, – səfir bildirib.

Onun sözlərinə görə, İran, “Xəzər beşliyi”nin digər üzvləri kimi, regional birliyi qorumağa və Xəzər dənizi problemlərinin həddindən artıq beynəlmiləlləşdirilməsinin qarşısını almağa çalışır. Bu beş ölkə arasında əməkdaşlığın davam etdirilməsi isə ehtimal olunan Qərb gündəliyinə qarşı çıxmaq üçün əsas alət kimi qiymətləndirilir.

Cəlali deyib ki, əlaqələndirilmiş regional diplomatiya Qərbin təzyiqlərinə qarşı vahid mövqenin nümayiş etdirilməsi və Xəzəryanı ölkələr arasında siyasi fikir ayrılıqlarının qarşısının alınmasına yönəlmiş cəhddir.

Humay Eminqızı