- 9 Yanvar 23:12
Moskva və Tehran Rusiyanın İranı qazla təchiz etməsi ilə bağlı demək olar ki, bütün məsələləri həll ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
“İkitərəfli münasibətlərimizin digər mühüm istiqamətlərindən biri Rusiyadan İrana qaz tədarüküdür. Bu proses artıq yekun mərhələdədir və tamamlanmaq üzrədir”, - o qeyd edib.
Səfir bildirib ki, 2025-ci ildə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi ilə bağlı problemlərin böyük hissəsi həll olunub.
Onun sözlərinə görə, əsas məsələ olan torpaq sahələrinin alınması cari ilin mart ayının sonunadək tam şəkildə həll olunacaq.
Kazem Cəlali, həmçinin 2025-ci ildə ölkələrin bütün beynəlxalq platformalarda bir-birinə göstərdiyi misilsiz və hərtərəfli dəstəyi vurğulayıb. O xatırladıb ki, ötən il İranda “Rusiya mədəniyyəti həftəsi” adlı forum keçirilib.
Yanvar ayında Rusiya Federasiyasının energetika naziri Sergey Tsivilyov bildirib ki, Moskva və Tehran Azərbaycandan keçməklə İrana qaz kəmərinin marşrutunu razılaşdırıblar və tədarük qiymətinin razılaşdırılması üzrə danışıqlar yekun mərhələdədir. İlkin mərhələdə tədarük həcmi 2 milyard kubmetrədək ola bilər, gələcəkdə isə bu göstəricinin 55 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Humay Eminqızı