İranın Lorestan əyalətində 100-dən çox etirazçı saxlanıldı - YENİLƏNİB


  • 11 Yanvar 20:35

İran polisi Lorestan əyalətində 100-dən çox etirazçını saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

"Son günlər əyalətin müxtəlif şəhərlərində 100-dən çox etirazçı və sabitliyi pozan şəxs müəyyən edilərək saxlanılıb", - Televiziyanın "Telegram" kanalında paylaşılan məlumatda deyilir.

Bundan əvvəl "Tasnim" agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, İranın güc strukturları kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunan silahlı qruplaşmaların ən azı 200 rəhbərini həbs edib.

***

18:49

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab verəcəyini bəyan edib. Bu xəbərdarlıq etirazçıların hökumətin sərt tədbirlərinə baxmayaraq küçələrə çıxmağa davam etdiyi bir vaxtda səsləndirilib.

E-huquq.az xəbər verir ki, BBC-yə danışan iki xəstəxananın tibb işçiləri son iki gün ərzində 100-dən çox cəsədin xəstəxanalara gətirildiyini bildiriblər.

Məlumata görə, etirazlar artıq İranın bütün əyalətlərində 100-dən çox şəhər və qəsəbəyə yayılıb.

İranın baş prokuroru bildirib ki, etiraz edən hər kəs “Allaha düşmən” hesab ediləcək və bu, ölüm hökmü ilə cəzalandırıla bilən cinayətdir.

Məlumatda o da qeyd edilir ki, etirazlar gücləndikcə ölənlərin və yaralananların sayı artmaqda davam edir. İki insan haqları təşkilatı təhlükəsizlik əməkdaşları da daxil olmaqla 100-dən çox insanın həlak olduğunu bildirib.

Bir neçə xəstəxananın əməkdaşları BBC-yə deyiblər ki, yaralı və ölənlərin çoxluğu səbəbindən xəstəxanalar həddindən artıq yüklənib.

Beynəlxalq media qurumları İrandan birbaşa reportaj hazırlaya bilmir. Buna baxmayaraq, bəzi videolar yayılıb və media nümayəndələri İranda olan bir neçə şəxslə danışa bilib.

İranın ikinci ən böyük şəhəri olan Məşhəddə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar barədə xəbərlər var.

***

14:21

İranın paytaxtı Tehran şəhərində nümayiçilərlə hüquq-mühafizə orqanlarının arasənda baş verən silahlı toqquşmalar zamanı 26 ev, 34 məscid, 40 bank və 15 ticarət mərkəzi yandırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Tehran Yanğın Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hökumətə aid 13 bina və 50 nəqliyyat vasitəsi də alova qərq olub.

***

13:00

İranda baş verən iğtişaşlar nəticəsində Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrinin səkkiz hərbçisi həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Hüquq-Mühafizə Orqanları Komandanlıq məlumat yayıb.

Bildirilib ki, ölümlər yanvarın 8 və 9-da qeydə alınıb. "Hərbçilər atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşlarını müxtəlif silahlarla döyən qiyamçıların hücumu nəticəsində həlak olublar" , - məlumatda bildirilib.

Məlumata görə, silahlı insident yaradan terrorçulardan 200-ü həbs olunub, iğtişaş iştirakçılarının sığınacaqlarından xeyli miqdarda döyüş sursatı, silah, qumbara və Molotov kokteylləri müsadirə edilib.

***

11:48

İranda etirazçılar ötən gecə də repressiyalara baxmayaraq küçələrə çıxaraq etirazlarını davam etdiriblər.

E-huquq.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Tehranda ümumi internet blokadası davam edir. Yüzlərlə nümayişçinin saxlanıldığı ehtimal olunur.

Məlumata görə, dünən gecəyə dair bəzi videolar əldə edilib. Videolardan məlum olur ki, Tehranın Gişa rayonunda etirazçılar küçələrə nəzarəti ələ keçirib. BBC Verify tərəfindən təsdiqlənmiş bir neçə videoda İranın ikinci ən böyük şəhəri olan Məşhəddə, Vəkilabad prospektində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar əks olunub.

Maskalı etirazçılar konteynerlərin və yandırılmış tonqalların arxasında gizlənir, uzaqda isə təhlükəsizlik qüvvələrinin sırası görünür. Avtobusa bənzər bir nəqliyyat vasitəsinin alov içində olduğu da kadrlarda yer alır.

Eyni zamanda yaxınlıqdakı piyada körpüsündə dayanan bir fiqurun müxtəlif istiqamətlərə bir neçə dəfə atəş açdığı, prospektin kənarında isə bir neçə nəfərin hasarın arxasında gizləndiyi görünür.

Paytaxt Tehrandan da başqa videolar yayılıb. Verify tərəfindən təsdiqlənmiş bir videoda Qərbi Tehrandakı Punak meydanında böyük bir etirazçı qrupunun qazanları döyərək aksiya keçirdiyi görünür. Bu ərazi həftə ərzində etirazların əsas mərkəzlərindən biri olub.

Şimal-şərqi Tehranın Həravi rayonunda çəkilmiş və başqa bir videoda isə etirazçıların küçə ilə irəliləyərək İrandakı hazırkı hakimiyyətin sona çatmasını tələb etdikləri görünür.

Qeyd edək ki, İran hökuməti etirazların qarşısını almaq məqsədilə internetin kəsilməsini tətbiq edib. Ölkənin məlumat infrastrukturu ciddi şəkildə dövlət və təhlükəsizlik orqanlarının nəzarəti altındadır.

***

11:01

İranda hökumət əleyhinə etirazlar ərzində ölkəni silkələməsi nəticəsində azı 78 etirazçı öldürülüb, 2 600-dən çox insan isə saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə CNN beynəlxalq insan haqları təşkilatına istinadən məlumat yayıb.

Aksiya və nümayişlər ağır iqtisadi şəraitin yaratdığı narazılıq fonunda ölkənin bütün əyalətlərini əhatə edərək 180-dən çox şəhərə yayılıb.

Məlumata görə, etirazçılar böyük insan kütlələrinə qarşı qəddar zorakılıqdan danışıblar. Məlumata görə, xəstəxanalarda “cəsədlərin bir-birinin üzərinə yığıldıb”. İranlı həkimin məlumatına görə, xəstəxanalar “son dərəcə xaotik vəziyyətdədir” və xəstələr hakimiyyətin sərt tədbirləri fonunda kimliklərinin müəyyən edilməsindən qorxurlar.

Müşahidəçi qurumun məlumatına görə, rəsmi qurumlar tərəfindən tətbiq edilən internet kəsintisi hələ də davam edir, lakin Tehranda yaşayan sakinlər qeyd edib ki, bu addım etirazları dayandıra bilməyib.

***

10:27

İranın təhlükəsizlik qüvvələri etirazçılara qarşı lazerlərdən istifadə edib.

E-huquq.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Məşhəddə keçirilən etirazlar zamanı nümayişçiləri hədəf almaq üçün yaşıl lazerlərdən istifadə edilib.

"Independent Persian"da yayılan xəbərə görə, təhlükəsizlik qüvvələrinin sıx mövcudluğuna baxmayaraq, etirazçılar geri çəkilməyib. Bunun qarşısını almaq üçün İranda işıqlar söndürülüb və şəhərlər qaranlığa qərq olub.

"Tasnim"də yayılan informasiyada isə etirazların səngidiyi və silahlı insident yaradanların həbsi barədə xəbərlər yayılıb.

***

09:45

İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə İranda insan haqları fəalları məlumat yayıb.

Qeyd olunub ki, nümayişlərdə 116 nəfər ölüb, onlardan yeddisi 18 yaşdan kiçik, dördü isə yaralılara köməklik göstərən dörd tibb işçisidir.

Bundan başqa 37 hərbçi və ya təhlükəsizlik işçisi, bir prokuror müxtəlif səbəblərdən ölüb.

Həbslərə gəldikdə isə, 14 gün ərzində saxlanılanların ümumi sayı 2638 nəfərə çatıb. Onlardan 628-i təsdiqlənib, 2010-u isə kütləvi həbslər və ya konkret şəxsiyyətin müəyyən edilmədiyi hallar çərçivəsində qeydə alınıb.

Oxşar xəbərlər