- 14:35
Rumıniya Birinci Dünya Müharibəsi zamanı Rusiyaya göndərdiyi qızıl və digər qiymətli əşyaları geri almaq istəyir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 1916-cı ildə Birinci Dünya Müharibəsinə girən Rumıniya paytaxtı Buxarest də daxil olmaqla ərazisinin bir hissəsini itiib və Milli Bank da daxil olmaqla bir çox mühüm qurumlarını Yaşi şəhərinə köçürməli olub.
Həmin vaxt bütün ərazilərini itirmək riski ilə üzləşən Rumıniya Milli Bankda saxladığı qızıl ehtiyatlarını və digər qiymətli əşyalarını Rusiyaya göndərmək qərarına gəlib.
1916-cı ilin dekabrından 1917-ci ilin oktyabrına qədər 91,5 ton qızıl, bəzi zinət əşyaları və mədəni əsərlərlə birlikdə gəmi ilə Moskvaya aparılıb.
Birinci Dünya Müharibəsindən sonra Rumıniya öz qızılını geri almağa cəhd etsə də, məsələ bu günə qədər uzanıb.
Rumıniya Xarici İşlər Nazirliyi, ölkənin 1916-1917-ci illərdə təhlükəsizlik baxımından o dövrdə Rusiyaya göndərdiyi 91,5 ton qızıl ehtiyatı və bəzi zinət əşyaları və mədəniyyət nümunələrinin geri qaytarılması ilə bağlı davam edən məsələ ilə açıqlama verib.
Avropa Parlamentinin (AP) 4 mart 2024-cü il tarixli qərarında Rusiyanın Rumıniya tərəfindən göndərilən qızıl və digər qiymətli əşyaları geri qaytarması lazım olduğunu xatırladan bəyanatda Rusiyanın qeyri-qanuni olaraq ölkənin milli xəzinəsini "ələ keçirdiyi" irəli sürülüb.
Bəyanatda vəziyyətin Rusiya ilə həll edilməli olan bir məsələ olduğu vurğulanıb və aşağıdakılar yer alıb:
"O zaman Rusiyaya təhvil verilənlərə Rumıniya Milli Bankında saxlanılan qızıl ehtiyatları, eləcə də maddi-mədəni dəyərli əşyalar daxil idi. Bunların yalnız bir hissəsi geri qaytarılıb. Ona görə də bu məsələnin həlli Rumıniya üçün son dərəcə vacibdir. Məsələ Rumıniya ilə Rusiya arasında siyasi gündəmin ən mühüm məsələlərindən biri olaraq qalır".
Bəyanatda Rumıniyanın iddialarının o zaman imzalanmış protokollara əsaslandığı, xəzinənin Rusiya nümayəndələri tərəfindən qəbul edilərək Moskvaya gəldiyi və bu protokolda Rusiya tərəfindən xəzinəni Rumıniyaya qaytarmaq öhdəliyinin yer aldığı vurğulanıb.
Bəyanatda o da qeyd olunub ki, protokol Rusiyanın etiraz etmədiyi beynəlxalq müqavilədir.
Birinci Dünya Müharibəsi zamanı Rumıniyanın Rusiyaya göndərdiyi qızıl ehtiyatları məsələsi hər iki tərəfdən tarix, arxiv, maliyyə, bank işi, sənət tarixi kimi sahələrdə mütəxəssislərin daxil olduğu Rumıniya-Rusiya Birgə Komissiyası tərəfindən təhlil edilir.
2003-cü ildə yaradılmış komissiya bir neçə dəfə iclas keçirib, lakin Rusiyanın Ukraynaya hücumlarından sonra onun fəaliyyəti dayandırılıb. O, siyasi şəraitin imkan verdiyi zaman birgə komissiyanın işini bərpa etməyi xahiş edib.
Şəbnəm Mehdizadə