- 16:15
İtaliyanın paytaxtı Romada bu gündən etibarən şəhər mərkəzində saatda 30 kilometr sürət həddi tətbiq olunub.
E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə Roma Şəhər Şurası qərar qəbul edib.
Qərara əsasən, təhlükəsizliyi artırmaq məqsədilə hərəkəti məhdudlaşdırılmış zonalar (ZTL) və şəhərin mərkəzindəki təxminən 1000 küçədə sürücülər üçün maksimum sürət saatda 30 kilometr olaraq müəyyən edilib.
Yol polisi artıq sürət həddinin tətbiq olunduğu ərazilərdə patrul və yoxlamaları gücləndirib. Romada Nəqliyyat məsələlərinə cavabdeh Şəhər Şurasının üzvü Eugenio Patane bildirib ki, tədbirin məqsədi yol qəzalarını və onların yaratdığı zərərləri azaltmaqdır.
Patane həmçinin icraya nəzarət üçün şəhərin əsas prospektlərindən biri olan Kristofer Kolumb prospektində yeni sürət kameralarının quraşdırılacağını və şəhər üzrə 175 yeni yüksək piyada keçidinin tikiləcəyini qeyd edib.
Şəbnəm Mehdizadə