Antarktidada qədim buz nümunələri üçün xüsusi sığınacaq yaradılıb


  • 10:34

Alimlər Yer kürəsinin sürətlə yoxa çıxan iqlim tarixini qorumaq məqsədilə Antarktidada ilk dəfə xüsusi sığınacaq yaradıb,

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Buz Yaddaşı Ziyarətgahı" adlanan bu mərkəzdə qlobal istiləşmə nəticəsində əriyən dağ buzlaqlarından götürülmüş qədim buz nümunələri mövcuddur.

Alp dağlarından götürülən iki buzlaq özəyi bu unikal qar mağarasında saxlanılan ilk nümunələr olub. Fransadakı Mont Blanc və İsveçrədəki Grand Combin buzlaqlarından çıxarılan ümumilikdə 1,7 tonluq buz nümunələri İtaliyanın Triest limanından başlayan 50 günlük dəniz və hava səyahətindən sonra Antarktidaya çatdırılıb.

Sığınacaq Antarktidanın mərkəzində, dəniz səviyyəsindən 3 200 metr yüksəklikdə yerləşən Konkordiya stansiyasında qurulub. Səthdən təxminən 10 metr dərinlikdə qazılan və 35 metr uzunluğunda olan mağara heç bir mexaniki soyutma sistemi olmadan təbii şəkildə sabit mənfi 52 dərəcə Selsi temperaturunu qoruyur.

Buz nüvələri minlərlə il əvvələ aid iqlim şəraitinə dair əvəzolunmaz məlumatlar saxlayır. Buz qatlarındakı toz hissəcikləri, hava qabarcıqları və izotoplar qədim atmosfer tərkibi, vulkanik fəaliyyət və iqlim dəyişikliklərinin öyrənilməsinə imkan yaradır.

Sığınacağın vitse-prezidenti Karlo Barbante bildirib ki, bu arxivin əsl dəyəri gələcək nəsillər tərəfindən daha aydın şəkildə anlaşılacaq. Onun sözlərinə görə, layihə yaxın illərdə And dağları, Himalaylar və Tacikistan da daxil olmaqla müxtəlif bölgələrdən buz nümunələrinin arxivə əlavə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər