- 13:41
ABŞ Sinqapura 2,3 milyard dollarlıq hərbi texnika satışını təsdiqləyib.
E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Açıqlamada Sinqapura ümumi dəyəri təxminən 2 milyard 316 milyon dollar olan “P-8A” dəniz patrul və kəşfiyyat təyyarəsi, “MK-54” tipli yüngül torpedolar və müxtəlif dəstək sistemlərinin mümkün satışının təsdiqləndiyi bildirilib.
Həmçinin qeyd olunub ki, bu çərçivədə təlim avadanlıqları ilə yanaşı logistika və texniki dəstək elementləri də yer alacaq.
Açıqlamada sözügedən satışın ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcəyi vurğulanıb.
Satışın siyasi sabitlik və iqtisadi inkişaf baxımından strateji tərəfdaş kimi xarakterizə edilən Sinqapurun dəniz təhlükəsizliyi imkanlarını gücləndirəcəyi və təhdidlərin öhdəsindən gəlmə qabiliyyətini artıracağı bildirilib.
Açıqlamada bunun regiondakı əsas hərbi balansı dəyişməyəcəyi vurğulanıb, eyni zamanda Sinqapurun ABŞ və müttəfiq qüvvələrlə birgə fəaliyyət göstərə bilmə qabiliyyətini inkişaf etdirəcəyi qeyd edilib.
Humay Eminqızı