- 13:35
ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesi rəsmən başa çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS) bəyanat yayıb.
Hazırda ABŞ-nin ÜST-ə təxminən 260 milyon dollar borcu var. Hüquq ekspertləri deyirlər ki, ABŞ-nin bu ödənişi edəcəyi ehtimalı azdır və ÜST pulu toplamaq üçün məhdud hüquqi vasitələrə malikdir.
HHS verdiyi açıqlamada ABŞ hökumətinin ÜST-yə verdiyi bütün maliyyə vəsaitlərinin kəsildiyini və təşkilatda çalışan bütün personal və podratçıların geri çağırıldığını açıqlayıb. ABŞ-nin ÜST-ün maliyyələşdirdiyi komitələrdə, rəhbərlik orqanlarında və texniki işçi qruplarında rəsmi iştirakı da başa çatıb.
Təşkilatın şəffaflıq və hesabatlılıqla bağlı gözlənilən islahatları həyata keçirmədiyi iddia edilir.
ABŞ rəsmiləri milli sağlamlıq siyasətlərinin "məsuliyyətsiz xarici bürokratlar" tərəfindən məhdudlaşdırılmasını istəmədiklərini bildirirlər.
ÜST-dən çıxmasına baxmayaraq, ABŞ-nin qlobal sağlamlıq sahəsində liderliyini qoruduğu iddia edilir. Administrasiya çoxtərəfli təşkilatlarla deyil, ölkələr, vətəndaş cəmiyyəti təşkilatları və dini qruplarla birbaşa ikitərəfli müqavilələr əsasında əməkdaşlıq etməyi planlaşdırır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) bu yeni dövrə rəhbərlik edəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə