- 17:35
Türkiyənin Muğla vilayətində özünü polis əməkdaşı kimi təqdim edən şəxs qadının 2 milyon lirə dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.
E-huquq.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yanvarın 19-da 68 yaşlı Gülfer Akkuşa telefonla zəng edən naməlum şəxs özünü Muğla Polis İdarəsində çalışan polis əməkdaşı kimi təqdim edib. O, evdə saxlanılan qızılların guya qaçaqmalçılıq işi ilə əlaqəli olduğunu və barmaq izi ekspertizası aparılacağını bildirib. Şübhəli qadından zinət əşyalarını evə gələcək “mülki geyimli polis əməkdaşına” təhvil verməsini istəyib.
Qısa müddət sonra evə gələn şəxsə təxminən 2 milyon lirə dəyərində qızıllarını verən Gülfer Akkuş bir müddət sonra aldadıldığını anlayaraq vəziyyəti jandarmaya bildirib.
Müraciət əsasında araşdırmalara başlayan jandarma əməkdaşları ərazidə yerləşən təhlükəsizlik kamerası görüntülərini təhlil ediblər.
Aparılan araşdırma nəticəsində şübhəli şəxsin 24 yaşlı Umut Can Kaleli olduğu məlum olub. Onun qızılları əldə etdikdən sonra Denizliyə, daha sonra isə Bodruma getdiyi müəyyən edilib.
Jandarma əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Kaleli məhkəmənin qərarı ilə həbs edilib.
Zərərçəkənə məxsus qızılların isə hələlik tapılmadığı bildirilib.
Şəbnəm Mehdizadə