- 17:35
Rumıniyanın qərbində Yunanıstanın PAOK futbol klubu azarkeşlərini daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lion şəhərində keçiriləcək UEFA Avropa Liqasının matçı üçün yola çıxan PAOK azarkeşlərini daşıyan mikroavtobus Rumıniyanın Caransebes və Lugojel bölgələri arasında yerləşən avtomobil yolunda yük maşını ilə toqquşub.
Hadisə nəticəsində həyatını itirən 7 nəfərin hamısının Yunanıstan vətəndaşı olduğu bildirilir. Yaralı olan 3 nəfər isə xəstəxanaya çatdırılıb.
Yunanıstanın Baş Naziri Kiryakos Miçotakis hadisəyə münasibət bildirərək, “Dərin sarsıntı keçirdim. Düşüncələrimiz qurbanların ailələri ilədir” deyib.
PAOK klubunun prezidenti İvan Savvidis isə bu faciəni "izah edilməsi çətin bir kədər" olaraq qiymətləndirib.
PAOK-un qarşılaşacağı "Olympique Lyon" klubu başsağlığı mesajı yayımlayaraq, matçda həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklərini açıqlayıb.
Şəbnəm Mehdizadə