Hindistanda Nipah virusu - Asiya ölkələri həyəcan təbili çalır


  • 13:31

Hindistanda ölümcül Nipah virusunun yayılması bir çox Asiya ölkəsini yüksək həyəcan vəziyyətinə gətirib. İnsanlar arasında ölüm halları 40 faizdən 75 faizə qədər dəyişib. Bu ay Qərbi Benqal əyalətində baş verən ən azı iki ölüm hadisəsindən sonra Tayland, Malayziya və Sinqapur kimi ölkələr yeni müayinə və test tədbirləri tətbiq ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nipah virusu heyvanlardan insanlara keçə bilən zoonotik viruslar kateqoriyasına daxildir. İlk dəfə 1998-ci ildə Malayziyada qeydə alınan virusun əsasən 3 yoluxma yolu mövcuddur.

Bunlardan birincisi yoluxmuş yarasaların tüpürcəyi, sidiyi və ya nəcisilə təmas nəticəsində baş verir. İkinci yol yoluxmuş yarasaların bədən mayeləri ilə çirklənmiş xurma şirəsi kimi qida məhsullarının istehlakıdır.Üçüncü və daha nadir rast gəlinən yol isə insandan insana yoluxmadır.

Bəs xəstəliyin simptomları nədir?

Virusun simptomları adətən 4 gün-3 həftə arasında ortaya çıxır. Şiddətli infeksiya keçirənlərin təxminən yarısı həyatını itirir. Virus həm pnevmoniyaya səbəb ola bilir, həm də ən təhlükəli təsiri olan beyin iltihabı yaradır. Xəstəliyin əlamətləri arasında hərarət, nəfəs darlığı, şüur itkisi, güclü baş ağrısı və şəxsiyyət dəyişiklikləri var. Nadir hallarda, xəstəliyi keçirmiş insanlarda illər sonra beyin iltihabı təkrarlana bilər.

Virusun müalicəsi mövcuddur?

Hələlik Nipah virusu üçün təsdiqlənmiş vaksin və ya müalicə üsulu mövcud deyil. Avstraliyada inkişaf etdirilən m102.4 adlı müalicə üsulu üzərində işlər davam edir.

Qeyd edək ki, mütəxəssislər virusun COVID-19 miqyasında bir ictimai sağlamlıq probleminə çevrilmə ehtimalının az olduğunu bildirirlər.Virusun insandan insana yoluxma qabiliyyətinin məhdud olması xəstəliyin qeydə alındığı bölgələrdən kənarda olan insanlar üçün aşağı risqdə qalmasına səbəb olur.

Humay Eminqızı

Oxşar xəbərlər