- 11:28
İspaniyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək üçün addımlar atılır.
E-huquq.az xəbər verir ki, bu barədə İspaniya hökumətinin sədri Pedro Sançez məlumat verib.
O bildirib ki, gələn həftə Nazirlər Şurasında təsdiqlənməsi gözlənilən qanun layihəsi nəinki yaş məhdudiyyətlərini tətbiq edəcək, həm də platforma inzibatçılarını birbaşa məsuliyyətə cəlb edəcək. Yeni qaydaya əsasən, şirkət rəhbərləri öz platformalarında qanunsuz və ya zərərli məzmuna görə cinayət məsuliyyəti daşıyacaqlar.
Baş nazir mövcud sistemdəki boşluqların aradan qaldırılmasının vacibliyini vurğulayaraq yoxlama mexanizmləri qurulacağını söyləyib.
Qanun layihəsi həmçinin qeyri-qanuni məzmunu təbliğ edən alqoritmik manipulyasiyanı cinayət məsuliyyətinə cəlb edir.
İspaniya hökuməti sosial media platformalarında törədilmiş cinayətləri araşdırmaq üçün prokurorların səlahiyyətlərini genişləndirmək niyyətindədir.
Baş nazir Sançez qeyd edib ki, texnologiya şirkətləri bir çox ölkədən daha zəngin və güclü ola bilsələr də, bu güc hökumətləri qorxutmamalıdır. İspaniyanın bu addımı onun rəqəmsal suverenliyini qorumaq və müdafiə etmək öhdəliyini vurğulayır.
İspaniyadan sonra Yunanıstan da oxşar qadağa üzərində işləyir və bu addımların bütün Avropada yeni rəqəmsal təhlükəsizlik standartı yaratması gözlənilir.
Şəbnəm Mehdizadəc