- 16:55
İngiltərədə dəmir yolu şirkətində çalışan şəxs məhkəmədə iddia qaldıraraq işəgötürənindən 1 milyon funt sterlinq təzminat tələb edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildən şirkətdə işləyən David Gibson, 2021-ci ilin iyul ayında COVID-19-a yoluxub.
Xəstəliyə yoluxan şəxs komaya düşüb və bu zaman sol ayağı qan laxtalanması səbəbindən dizinin altından amputasiya edilib.
London Ali Məhkəməsində baxılan işdə Gibson, regional meneceri Danny Hackett ilə görüşü və birlikdə yedikləri səhər yeməyi zamanı virusa yoluxduğunu iddia edir.
Gibson menecerinin görüş zamanı maska taxmadığını, davamlı öskürdüyünü, lakin izdihamlı ofis mühitində qaldığını iddia edir.
Onun vəkili Lisa Dobie bildirib ki, müvəkkilindən əsas işçi kimi pandemiya məhdudiyyətləri zamanı belə işə getməsi tələb olunub. İttihama görə, 2021-ci il iyulun 14-də keçirilən görüşdə qaydalara görə maksimum iki nəfərin icazə verildiyi kiçik ofis otağında dörd nəfər iştirak edib.
İki gün sonra Gibson xəstələnib və vəziyyəti pisləşib.
Şirkət işçinin bütün iddialarını rədd edir və xəstəliyə görə məsuliyyəti qəbul etməkdən imtina edir. Şirkət hüquqşünasları iddia edirlər ki, şirkətin pandemiya üçün müvafiq risk qiymətləndirmələri var.
Şirkətin müdafiə tərəfi həmçinin iddia edir ki, xəstəliyə yoluxma onun öz səhlənkarlığı ilə bağlıdır.
2023-cü ilin martında səhhətindəki problemlərə görə əmək müqaviləsinə xitam verilən üç uşaq atası Gibson şirkəti işçilərinin sağlamlığına təhlükə yaratmaqda ittiham edir.
Məhkəməyə çıxarılan iş üzrə məhkəmənin hazırlıq iclası ötən həftə baş tutub. Tərəflər məhkəmədən kənar barışmazsa, kompensasiya tələbi hərtərəfli dinləmə prosesi ilə həll ediləcək.
Şəbnəm Mehdizadə