İngiltərə Nigeriyaya 420 milyon təzminat ödəyəcək


  • 10:25
İngiltərə Nigeriyanın Enugu əyalətindəki mədənçilərin ailələrinə 1949-cu ildə baş vermiş faciəyə görə 420 milyon funt sterlinq təzminat ödəyəcək.

E-huquq.az xarici Nigeriya Xəbər Agentliyinə (NAN) istinadən xəbər verir ki, Enugu əyalətinin Ali Məhkəməsinin hakimi Entoni Onovo, 1949-cu ildə Şərqi Nigeriyada, xüsusilə İva Vadisi Kömür Mədənində etiraz edən 21 mədənçiniN öldürülməsindən sonra ailələrinə ümumilikdə 420 milyon funt-sterlinq təzminat ödənməsi barədə qərar qəbul edib.

Məhkəmə qərarında, Britaniya hökumətinin hər bir qurbana 20 milyon funt sterlinq ödəməli olduğu qeyd olunub. Eyni zamanda, ailələrdən üzr istənilməsi və bu üzrün həm Nigeriyada, həm də Böyük Britaniyada yayımlanması tələb olunub. Qərara görə, üzr mesajı üç milli qəzetdə dərc edilməli və 60 gün ərzində məhkəməyə təqdim edilməlidir.

Hakim Entoni Onovo Britaniya müstəmləkə administrasiyasının məsuliyyət daşımalı olduğunu vurğulayaraq bildirib ki, bu müdafiəsiz mədənçilər sadəcə daha yaxşı iş şəraiti tələb edirdilər. Onlar heç bir zorakılıq etmədikləri halda, güllələnib.

Qeyd edək ki, hadisə 18 noyabr 1949-cu ildə baş verib. Şərqi Nigeriyanın Enugu əyalətindəki İva Vadisi Kömür Mədəninin mədənçiləri, ağır iş şəraiti, irqi əmək haqqı bərabərsizliyi və ödənilməmiş maaşlar səbəbindən etiraz aksiyası keçirib. Tələbləri yerinə yetirilmədiyi üçün onlar mədən sahəsini tərk etməyi rədd ediblər. Bu müddət ərzində Britaniya rəsmisi tərəfindən atəş açılaraq 21 mədənçi öldürülüb, 51 nəfər isə yaralanıb.

Məhkəmə Britaniya hökumətini bu tarixi ədalətsizliyə görə təzminat ödəməyə və üzr istəməyə məcbur edib. Təmin olunan kompensasiya ödənişi 90 gün ərzində tamamlanmalı və bu müddət ərzində illik 10 faiz faizlə ödənməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər