ABŞ-də qarlı havaya görə 5 mindən çox uçuş ləğv edildi


  • 11:04

ABŞ-nin Şərq sahilində qeydə alınan güclü qar fırtınası gündəlik həyatı iflic edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi başlayan və bir neçə ştatı əhatə edən fırtına nəticəsində rekord səviyyədə qar yağıb, minlərlə uçuş ləğv olunub və milyonlarla insan çətin vəziyyətdə qalıb.

Milli Hava Xidmətinin məlumatına görə, Rod-Aylend və Massaçusets ştatlarının bəzi ərazilərində qarın qalınlığı 94 santimetrə çatıb. Nyu-York şəhərində yerləşən Mərkəzi Parkda 48 santimetrdən çox qar qeydə alınıb. Rod-Aylendin paytaxtı Providensdə isə 1978-ci ildən bəri ən yüksək göstərici - 91 santimetr qar ölçülüb.

Fırtına əsasən Nyu-York ştatı, Nyu-Cersi və Massaçusets ərazisində 600 mindən çox ev və müəssisədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Massaçusets qubernatoru Maura Healey ştatın cənub-şərq hissəsində zəruri olmayan avtomobil hərəkətinə qadağa tətbiq edib. Görünürlüyün kəskin azalması səbəbindən magistral yollarda sürət həddi saatda 25 kilometrə endirilib.

Nyu-Yorkda günorta saatlarına qədər qüvvədə olan səyahət qadağası şəhəri faktiki olaraq boşaldıb. Oxşar məhdudiyyətlər Rod-Aylend və Konnektikut ştatlarında da tətbiq olunub. Hakimiyyət orqanları yollarda qalmış nəqliyyat vasitələrinə operativ yardımın çətin ola biləcəyi barədə xəbərdarlıq edib.

Fırtınadan ən çox zərər çəkən sahə hava nəqliyyatı olub. "FlightAware" şirkətinin məlumatına əsasən, ümumilikdə 5706 uçuş ləğv edilib. Nyu-Yorkdakı "LaGuardia" Hava Limanında uçuşların 98 faizi, "JFK" Hava Limanında 91 faizi, "Boston Logan" Beynəlxalq Hava Limanında isə 92 faizi təxirə salınıb.

Meteoroloqlar çərşənbə axşamı da əlverişsiz hava şəraitinin davam edəcəyini bildirir. Proqnozlara görə, əlavə olaraq 2000-dən çox uçuşun ləğv ediləcəyi gözlənilir, bölgədə isə qarın təmizlənməsi işləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər