- 15:48
İsrail hücumları nəticəsində əksər evlərin dağıldığı Qəzza zolağında güclü yağışlar yeni bir humanitar fəlakətə səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışlar müvəqqəti çadırlarda yaşamağa məcbur olan minlərlə fələstinli ailəyə ciddi təsir göstərib.
Güclü yağışlar məcburi köçkünlərin vəziyyətini daha da ağırlaşdırıb. Daşqınlar nəticəsində çadırlar istifadəyə yararsız hala gəlib.
Qəzzadakı Mülki Müdafiə Bölməsinin verdiyi məlumata görə, bazar ertəsi gecəsindən çərşənbə axşamı səhər saatlarına qədər çoxsaylı təcili yardım çağırışları daxil olub. Xüsusilə Rəfah və Xan Yunis sahillərində, həmçinin Mavasi bölgəsindəki çadırlar su altında qalıb. Mülki Müdafiə qrupları bu ailələri təxliyə edərək onları daha təhlükəsiz ərazilərə köçürüblər.
Oxşar mənzərə Qəzzanın şimalından cənubuna qədər bir çox bölgədə, xüsusən də Nusayrat Qaçqın Düşərgəsində də müşahidə olunur.
İnfrastrukturun dağılması səbəbindən yağış suları düzgün şəkildə axıdıla bilmir. Nəticədə yüzlərlə çadır istifadəyə yararsız hala düşüb və ərzaq, yorğan və digər zəruri ehtiyaclar zədələnib. Havanın daha da pisləşməsi ilə, xüsusən uşaqlar və yaşlılar arasında xəstəlik riski yüksəlib.
Fələstin hakimiyyəti beynəlxalq ictimaiyyət və humanitar təşkilatlara təcili çağırış edərək, qışa davamlı sığınacaq materiallarının təmin edilməsi üçün yardım göstərilməsini tələb edib. Bu, bölgədəki ağır humanitar vəziyyətin yüngülləşdirilməsi üçün həyati əhəmiyyət daşıyır.
Yusif Şükürov