"Ukraynanın Aİ-yə üzvlüyü barədə dəqiq vaxt vermək mümkün deyil"


  • 12:48

Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta Kiyevdə Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümünü qeyd etmək məqsədilə mətbuat konfransı keçiriblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında Fon der Lyayen Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini bəyan edib, lakin bu prosesin nə vaxt baş verəcəyinə dair bir dəqiq tarix verə bilməyəcəklərini söyləyib.

Fon der Lyayen, Aİ-nin son dörd il ərzində Ukraynaya təxminən 200 milyard avro hərbi və maliyyə yardımı göstərdiyini və bu məbləğin digər tərəfdaşlar tərəfindən verilən məbləğdən çox olduğunu vurğulayıb. O, həmçinin Aİ-nin Ukraynaya 90 milyard avroluq kredit verəcəyini də açıqlayıb.

O, bu kreditin Ukraynanın müdafiə avadanlıqlarının tədarükü və təhlükəsizliyi daxil olmaqla təcili müdafiə ehtiyaclarını ödəməyə kömək edəcəyini qeyd edib.

Bundan əlavə, Fon der Lyayen Ukraynanı sərt qış dövründə dəstəkləmək üçün 100 milyon avroluq yeni təcili yardım paketinin hazırlandığını da bildirib.

Avropa Komissiyasının sədri, Rusiyaya qarşı təzyiqin artırılması istiqamətində növbəti, 20-ci sanksiya paketinin qəbul ediləcəyini də qeyd edib. O, sanksiyaların məqsədinin Rusiyanın gəlirlərini azaltmaq və döyüş qabiliyyətini zəiflətmək olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər