- 15:55
ABŞ-nin şimal-şərq ştatlarını əhatə edən güclü qar fırtınası və ekstremal soyuq hava gündəlik həyatı iflic edib.
E-huquq.az xarici Kİv-ə istinadən xəbər verir ki, bəzi ərazilərdə qar örtüyü 96 santimetrə çatıb.
Fırtına Atlantik sahili ştatları olan Merilend, Delaver, Nyu-York, Nyu-Cersi, Konnektikut, Rod-Aylend və Massaçusetsdə ciddi fasilələr yaradıb.
Nyu-York, Nyu-Cersi və Konnektikutda fövqəladə vəziyyət elan olunub. Məktəblər və dövlət qurumları iki gün müddətinə bağlanıb, özəl sektorda isə bir çox müəssisələr fəaliyyətini dayandırıb.
Bələdiyyəyə məxsus qar təmizləyən maşınlar əsas yolları açsa da, yan küçələr və səkilər hələ də qarla örtülüb.
Nyu-York və Konnektikutda bəzi nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan olunub.
Rod-Aylendin paytaxtı Providens regionda 1978-ci ildən bəri qeydə alınan ən güclü qar yağışını yaşayıb. "TF Green" Beynəlxalq Hava Limanında qar örtüyü təxminən 96 santimetr olub.
Tarixi fırtına sahil xəttini dağıdıb, bəzi ərazilərdə qasırğa sürətində küləklər müşahidə olunub. Külək sürəti Rod-Aylenddə saatda 143 km, Nyu-Yorkda 135 km və Massaçusetsdə 133 km təşkil edib.
Elektrik təchizatına ciddi təsir edən fırtına nəticəsində təsirlənmiş ştatlarda yüz minlərlə ev elektriksiz qalıb. Massaçusetsdə 270 000-dən abonent elektrik kəsintisi ilə qarşılaşıb.
Aviasiya sektorunda da ciddi problemlər yaranıb. "FlightAware"nin məlumatına görə, bazar günü başlayan qar fırtınasından sonra 11 000-dən çox uçuş ləğv edilib və 21.000-dən çox uçuş gecikib.
Konnektikutda bəzi ərazilərdə qarın qalınlığı 70 santimetrdən çox olub, bu da sakinlərin evlərindən çıxmasını çətinləşdirib.
Milli Hava Xidməti yaxın günlərdə bölgədə daha çox qar yağacağını xəbər verib.
Yusif Şükürov