- 17:36
İspaniya hökuməti yetkinlik yaşına çatmayanların sağlamlığının qorunması məqsədilə enerji içkilərinin satışına məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə 16 yaşdan kiçik şəxslərə enerji içkilərinin, 18 yaşdan kiçiklərə isə yüksək miqdarda kofein tərkibli içkilərin satışı qadağan edilə bilər.
Təklif üzərində iş İspaniya Səhiyyə Nazirliyi və İspaniya İstehlakçı İşləri Nazirliyi tərəfindən aparılan araşdırmalara əsaslanır.
Nazirliklərin hazırladığı hesabatda enerji içkilərinin yuxusuzluq, narahatlıq və taxikardiya kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyi, bu risklərin isə gənclər arasında kifayət qədər tanınmadığı vurğulanır.
Rəsmi məlumatlara görə, ölkədə 14-18 yaş arası yeniyetmələrin 38,4 faizi son bir ay ərzində ən azı bir dəfə enerji içkisi qəbul edib.
Təklif edilən qaydalara əsasən, 16 yaşdan kiçiklərə bütün enerji içkilərinin satışı qadağan olunacaq. Bundan əlavə, 100 millilitrdə 32 milliqramdan çox kofein olan içkilərin 18 yaşdan kiçiklərə satışı da məhdudlaşdırılacaq.
Hökumət rəsmiləri bildirirlər ki, bu addım cəmiyyət tərəfindən dəstəklənir.
İspaniya Qida Təhlükəsizliyi və Qidalanma Agentliyi (AESAN) tərəfindən aparılan son sorğunun nəticələrinə görə, respondentlərin 90 faizə yaxını yetkinlik yaşına çatmayanların enerji içkilərinə çıxışına məhdudiyyət qoyulmasını dəstəkləyir.
AESAN-ın məlumatına əsasən, İspaniya əhalisinin 25 faizi enerji içkilərindən istifadə edir. Bu içkiləri istehlak edənlərin 49 faizi gündə ən azı bir dəfə enerji içkisi qəbul etdiyini bildirir.
Bundan başqa, istehlakçıların 47 faizi enerji içkilərini spirtli içkilərlə qarışdırır ki, mütəxəssislər bu praktikanı yüksək riskli və təhlükəli hesab edirlər.
Şəbnəm Mehdizadə