- 09:56
“Bugünkü dünya beş il əvvəlki dünyadan tamamilə fərqlənir və beynəlxalq münasibətlər xaos və radikal dəyişikliklər burulğanına daxil olub. ABŞ-nin hegemon siyasəti və özbaşınalığı səbəbindən Yer kürəsinin hər yerində təhlükəsizliyin əsasları sarsılır və silahlı toqquşmalar dayanmır”.
E-huquq.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In 19-25 fevral tarixlərində Pxenyanda keçirilən Koreya Əmək Partiyasının IX qurultayındakı çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq vəziyyət getdikcə daha xaotik istiqamət alır, qeyri-sabit və gözlənilməz olur.
Kim Çen In qeyd edib ki, məhz ABŞ başda olmaqla, Qərb qüvvələri digər dövlətlərin suverenliyini açıq şəkildə pozur və beynəlxalq hüququ kobud şəkildə tapdalayırlar. Onun fikrincə, onlar soyuq müharibədən sonra görünməmiş qlobal təhlükəsizlik böhranı, siyasi-iqtisadi nizamsızlıq və müxtəlif ölkələrdə xaos yaradıblar.
“Dünya gec də olsa anlayır ki, imperializm mövcud olduqca beynəlxalq hüquq və beynəlxalq nizam sadəcə mənasız, boş vədlərdən ibarətdir və təkcə ədalətli sözlərlə heç nəyi qorumaq mümkün deyil”, - lider bildirib.
“Güc yalnız gücə hörmət edir və qüvvətli güc, yəni nüvə silahına malik olmaq imperialist təcavüz ambisiyalarına son qoya biləcək yeganə vasitədir”, - Kim Çen In vurğulayıb.
O bildirib ki, Koreya Xalq Demokratik Respublikası özünü əbədi olaraq nüvə dövlətinin statusu kimi təsdiqləyib və rəqiblərinə aydın edib ki, dünyada əsaslı dəyişikliklər baş vermədiyi müddətcə nüvə silahlarından imtina etməyəcək.
Humay Eminqızı