- 13:54
NASA astronavtı Mayk Finke kosmik agentliyin ilk tibbi təxliyəsinə səbəb olan təcili tibbi yardım hadisəsində iştirak edən ekipaj üzvü olduğunu açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə günü verdiyi yazılı açıqlamada 58 yaşlı veteran astronavt, keçən ay Beynəlxalq Kosmik Stansiyada (ISS) xəstələnən ekipaj üzvü olduğunu təsdiqləyib.
Finke vəziyyətini ətraflı açıqlamasa da, ekipaj yoldaşlarının və yerüstü uçuş cərrahlarının müdaxiləsi sayəsində vəziyyətin tez bir zamanda stabilləşdiyini bildirib. Hazırda səhhəti yaxşı olan astronavt "Kosmik uçuş inanılmaz bir imtiyazdır və bəzən bizə nə qədər insan olduğumuzu xatırladır", - deyə qeyd edib.
Ötən yay "SpaceX" kosmik gəmisində üç həmkarı ilə birlikdə kosmosa çıxan Finke missiyasını planlaşdırılandan daha tez, 15 yanvarda başa vurub. Finke təcilit ibbi yardımın təxliyədən bir həftə əvvəl baş verdiyini və bu səbəbdən onun və başqa bir NASA astronavtının iştirak edəcəyi planlaşdırılmış kosmosa gedişin ləğv edildiyini bildirib.
Sakit Okeana eniş etdikdən sonra 4 astronavtın hamısı müayinə üçün San Dieqodakı xəstəxanaya aparılıb və ertəsi gün Hyustondakı evlərinə qayıdıblar.
Finke qayıtdıqdan bir həftə sonra keçirilən mətbuat konfransında kosmik stansiyadakı ultrasəs cihazının böhran zamanı çox faydalı olduğunu qeyd edib.
Astronavt əlavə edib ki, hadisə təcili vəziyyət olmasa da, hər kəs kosmik stansiyada mövcud olmayan qabaqcıl tibbi görüntüləmə imkanlarından yararlanmaq istəyib.
Qeyd edək ki, 1996-cı ildən NASA astronavtı olan təqaüdçü Hərbi Hava Qüvvələri polkovniki Mayk Finke 4 fərqli missiyada cəmi 549 gün keçirərək kosmosda ən təcrübəli astronavtlardan biri kimi tanınır.
Humay Eminqızı