- 7 Aprel 23:17
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Şərqi Aralıq dənizində yerləşən qaz yataqlarını hədəf ala bilər.
E-huquq.az xəbər verir ki, bu, SEPAH-ın ABŞ-yə son xəbərdarlığında yer alıb.
"Trampın təhdidlərinə cavab olaraq, İran Şərqi Aralıq dənizində böyük qaz ehtiyatı olan Kariş və Tanin yataqları ilkin hədəf kimi irəli sürüb", - bəyanatda bildirilib.
Qeyd edək ki, Kariş (Karish) Aralıq dənizinin şərq hissəsində, İsrailin şimal sahillərindən təxminən 90-100 km məsafədə yerləşən təbii qaz yatağıdır. 2013-cü ildə kəşf edilən bu yataq İsrailin enerji təhlükəsizliyi və ixrac potensialı üçün strateji əhəmiyyət kəsb edir. Yataqdan ilk qaz hasilatına 2022-ci ilin oktyabrında başlanılıb. İlkin hesablamalara görə, yataqda təxminən 28–42 milyard kubmetr (bəzi mənbələrə görə 45–57 mlrd m³) qaz ehtiyatı var.
Tanin qaz yatağı da Aralıq dənizinin şərq hissəsində, İsrail sahillərindən təxminən 120 km məsafədə yerləşir. 2024-cü ilin sonuna olan məlumata görə, Tanin yatağında təxminən 917,6 milyard kub fut (təxminən 26 milyard kubmetr) qaz və 4,4 milyon barel kondensat ehtiyatı olduğu təxmin edilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.