- 11:43
Süni intellekt sistemləri həkimlərdən daha dəqiq diaqnoz qoya bilər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Science" jurnalından dərc olunan araşdırmada qeyd olunub.
Harvard Tibb Fakültəsi tərəfindən aparılan araşdırma süni intellekt modelləri ilə yüzlərlə həkimin fəaliyyətini müqayisə edib. Bostonda bir xəstəxanaya müraciət edən 76 xəstə üzərində aparılan bir təcrübədə süni intellekt və həkimlərə xəstələrin həyati əlamətləri və tibb bacılarının qeydlərindən ibarət standart elektron sağlamlıq qeydləri verilib.
Nəticələrə görə, həkimər 50-55 faiz, süni intellekt isə 67 faiz düzgün diaqnoza çox yaxın nəticələr verib.
Tədqiqatın digər təəccüblü nəticəsi uzunmüddətli müalicə planlaşdırmasında ortaya çıxıb. Belə ki, antibiotik rejimlərinin hazırlanması və kritik müalicə proseslərinin planlaşdırılması ilə bağlı beş fərqli hal üzərində sınaqdan keçirilmiş süni intellekt 89% uğurlu nəticəyə nail olub, axtarış motorları kimi ənənəvi resurslardan istifadə edən həkimlər isə cəmi 34% nəticə göstərib.
Müstəqil ekspertlər vurğulayırlar ki, bu nəticələr süni intellektin sadəcə imtahan suallarını həll edən proqram təminatından kənara çıxdığını və klinik düşüncə tərzində böyük bir sıçrayış etdiyini sübut edir. Süni intellekt, xüsusən də həkimlərin gözardı edə biləcəyi nadir xəstəlik tarixçələrini tanımaqla həyat qurtaran müdaxilələr etdiyi hallar tədqiqatın ən diqqətəlayiq aspektləri arasındadır.
Lakin ekspertlər qeyd edirlər ki, bu nəticələr həkimlərin işlərini itirəcəyi anlamına gəlmir. Mövcud süni intellekt modelləri hələlik xəstənin fiziki görünüşünü, stress səviyyəsini və ya vizual siqnallarını birbaşa təhlil edə bilmir və yalnız mətn əsaslı məlumatlara əsaslanaraq "ikinci rəy" təklif edə bilər.
Tədqiqatın müəllifləri növbəti onillik ərzində tibb həkim, xəstə və süni intellekt sistemindən ibarət üçtərəfli qayğı modelinə çevriləcəyini proqnozlaşdırırlar. Süni intellekt səhvlərinə görə kimin məsuliyyət daşıyacağı ilə bağlı hüquqi çərçivələr hələ də çatışmaz olsa da, texnologiyanın tibbi praktikanı yenidən formalaşdıracaq dərin bir dəyişikliyə başladığı qəbul edilir.
Şəbnəm Mehdizadə