Məzmuna keç

İtaliya, Şotlandiya və İrlandiyada 7 mindən çox məktəb bomba təhdidi alıb

İtaliyada təxminən 6300, Şotlandiya və Şimali İrlandiyada isə 700-dən çox məktəbə bomba təhdidləri göndərilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada ehtiyat tədbiri olaraq bir sıra məktəblər təxliyə edilib. Lakin Baş nazir Corcia Meloni aparılan yoxlamalar zamanı real təhlükəyə dair heç bir sübut aşkarlanmadığını bildirib.

Şotlandiyanın Təhsil naziri Mairi MakAllan ictimaiyyət üçün təhlükə olmadığını, mütəxəssislərin isə təhdid mesajlarının mənbəyini araşdırdığını açıqlayıb. Şimali İrlandiyada məktəblərə polis əks göstəriş vermədiyi təqdirdə fəaliyyətlərini davam etdirmək tapşırılıb.

İtaliya rəsmilərinin məlumatına görə, ölkədəki 7476 dövlət məktəbindən 6300-nün elektron poçt ünvanına eyni məzmunlu mesaj göndərilib. Təhdidlərin real təhlükədən daha çox kiberhücum xarakteri daşıdığı ehtimal olunur.

Qeyd edək ki, oxşar təhdidlər ötən həftə İtaliya hava limanlarını və Avropanın digər ölkələrindəki aviaşirkətləri də hədəf alıb. Nəticədə bəzi ərazilərdə təxliyələr həyata keçirilib və nəqliyyat fəaliyyətində fasilələr yaranıb.

Çərşənbə günü məktəblərdə aparılan yoxlamalar nəticəsində təhlükə aşkarlanmayıb. Təxliyə edilən məktəblərdə şagirdlərin dərslərə qayıtmasına icazə verilib. İtaliya mediasının məlumatına görə, son günlər təxminən 280 məktəb direktoruna hədələyici mesajlar göndərilib.

Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı araşdırılır.

Şəbnəm Mehdizadə