Mikroplastiklər qlobal istiləşməyə birbaşa təsir göstərir


  • 17:24

Plastik tullantılar təkcə planeti çirkləndirmir, günəş işığını udaraq qlobal istiləşməyə birbaşa təsir göstərir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin və ABŞ alimlərinin “Nature” jurnalında dərc edilən son araşdırması plastik tullantıların gizli və daha böyük təhlükəsini göstərib.

Alimlər atmosferdəki mikro və nanoplastiklərin kimyasını, ölçüsünü və rəngini araşdıraraq onların günəş işığı ilə necə qarşılıqlı təsir etdiyini öyrəniblər. Əvvəlki tədqiqatlar plastiklərin iqlimə təsirini az sayırdı, çünki onlar plastikin şəffaf olduğunu güman edirdi.

Yeni araşdırma göstərir ki, qırmızı, sarı, mavi və qara rəngli plastiklər günəş istiliyini tünd rəngli paltar kimi udur. Rəngli plastiklər şəffaf olanlardan təxminən 75 dəfə çox işıq udaraq planetin isinməsinə səbəb olur.

Nanoplastikalar yüngül olduqları üçün havada daha uzun qalır və mikroplastiklərə nisbətən daha çox günəş enerjisini udur. Alimlər hesab edir ki, plastik hissəciklər qlobal istiləşməyə səbəb olan çirkləndiricilərin təxminən 16 faizini təşkil edir.

Atmosferdə plastik miqdarını dəqiq ölçmək çətin olsa da, bu nəticələr iqlim modellərinin yenilənməsinin vacibliyini göstərir. Plastik istehsalının artması və mövcud tullantıların zamanla daha kiçik parçalara çevrilməsi bu gizli istiləşmənin gələcəkdə daha ciddi ola biləcəyini xəbər verir.

Mütəxəssislər vurğulayır ki, plastik çirklənmə ilə mübarizə yalnız ətraf mühitin təmizlənməsi üçün deyil, həm də planetin iqlim böhranını dayandırmaq üçün vacibdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər