- 11:10
ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi neft embarqosu ciddi problemlərə yol açıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Havanada yanacaq çatışmazlığına görə zibil maşınlarının yarıdan azı işlək vəziyyətdədir.
Hökumət paytaxtda 122 müvəqqəti tullantı toplama məntəqəsi ayırıb.
Bu məntəqələrin 24-də zibil yandırmağa icazə verilib və nəticədə Havana səmasını qalın və zəhərli tüstü təbəqəsi örtüb.
Kuba Neyrologiya Mərkəzi xəbərdarlıq edib ki, tullantıların açıq havada nəzarətsiz yandırılması sağlamlığa uzunmüddətli təsir göstərə bilər.
Bildirilib ki, tüstünün tərkibindəki molekulların parçalanması nəticəsində ayrılan zərərli maddələr insan orqanizmində on ilədək qala bilir.
Şəhər sakinləri tüstü səbəbindən evlərində də maska taxmaq məcburiyyətində qalıb.
Havanadakı zibil qalaqları təkcə havanın çirklənməsinə deyil, həm də milçək və gəmiricilərin yayılmasına səbəb olub. Yaşayış məntəqələrində artan və həftələrlə toplanmayan tullantılar ətraf mühitə yayılan pis qoxularla birlikdə yoluxucu xəstəliklər riskini artırıb.
May ayında yağışlı mövsümün başlaması ilə yığılmış zibillərin arasında yığılan durğun su ağcaqanadlarla yoluxan xəstəliklərin yayılma riskini artırıb.
Səhiyyə işçiləri xəstəxanalarda gigiyena qaydalarına riayət edilməməsi səbəbindən xüsusilə uşaqlar arasında mədə-bağırsaq problemləri və hepatit hallarının artdığını bildiriblər.
Ölkənin səhiyyə sistemi dərman çatışmazlığı və elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən bu yükün öhdəsindən gəlməkdə çətinlik çəkir.
Şəbnəm Mehdizadə